Nazirin bu polisi işdən qovması qanunidirmi? - Ekspert

ÖLKƏ
18:38 / 01.09.2020
1432

Bakı şəhər BPİ-nin Dövlət Yol Polisi İdarəsinin operatoru Kamran Abbasovun anası ilə mübahisə etməsi və ona qarşı kobud ifadələr işlətməsi videosunun yayılmasına görə işdən çıxarılması mübahisələr yaradıb.

Axar.az xəbər verir ki, bəziləri K.Abbasovun xidmət başında olmadığını əsas gətirərək, ailəsindəki münaqişəyə görə işdən çıxarılmasını qanunsuz hesab edir. İddia olunur ki, ailə daxilində bu insidentin yayılmasına görə DİN rəhbərliyi onunla daha adekvat davrana, tənbeh edə bilərdi. Əksinə, sərt cəza tədbiri ailə daxilində münaqişəni daha da alovlandıra bilər.

Mövzu ilə bağlı açıqlama verən keçmiş polis rəisi, kriminalist Mahmud Hacıyev bildirib ki, Kamran Abbasov serjantdır, polis nəfəridir:

“Belə bir məsələ yaşanıbsa, anasını təhqir edibsə, ilk olaraq onunla bağlı xidməti təhqiqat aparılıb. Bu məsələ baş verərkən polisin vəzifə başında olub-olmamasının heç bir fərqi yoxdur. Bu insan hüquq-mühafizə orqanlarında çalışır. Onun özü bu cür halların qarşısını almalıdır ki, ailədə münaqişə olmasın”.

Ekspertin sözlərinə görə, hadisənin ailə-məişət zəminində baş verməsi heç nəyi dəyişmir:

“Polis əməkdaşı ailədə də məsuliyyətli olmalıdır. Belə hal baş verəndə isə daxili təlimata uyğun olaraq, DİN rəhbərliyi araşdırma apartdırır. Araşdırmaların nəticəsinə uyğun da qərar verir. Onun işdən çıxarılmasında hər hansı sensasiya, qanunazidd addım yoxdur. Əgər bir polis ailə daxilində anası, həyat yoldaşı, eləcə də iş yoldaşları ilə münaqişəyə girirsə, deməli, həmin şəxs mənəvi-psixoloji cəhətdən problemlidir və onun xidmət başında da analoji addım atmayacağına heç kim təminat verə bilməz. Belə bir şəxs polis orqanlarında necə çalışa bilər?!”

Keçmiş polis rəisi bildirib ki, polislər hərbi komissiyalardan keçirlər, psixologiyaları yoxlanılır və yuxarı komandalıq hüquq-mühafizə orqanı əməkdaşlarını kobudluqlara eyni cür cavab verməkdən qaçmaq tələbi qoyur:

“Rəhbərlik, eləcə də cənab nazir Vilayət Eyvazov polis əməkdaşlarına xəbərdarlıq edir ki, ictimai yerlərdə, vəzifə başında olarkən təhqirlə üzləşərlərsə, qarşı tərəfə kobud cavab verməməli, səbir, təmkin nümayiş etdirməlidirlər. Bu, DİN rəhbərinin polislərin nümunəvi olması ilə bağlı israrlı olmasından xəbər verir. Ona görə də cənab nazirin bu qərarını alqışlayır və bunu digər polis əməkdaşlarına da bir çağırış kimi qiymətləndirirəm”.

Qeyd edək ki, Azərbaycanda polis əməkdaşının vəzifə başında olmadığı halda, ailə mübahisəsi zəminində anasını təhqir etdiyinə dair görüntülər yayılıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, Bakı şəhər BPİ-nin Dövlət Yol Polisi İdarəsinin operatoru Kamran Abbasov ailə münaqişəsi zəminində valideynlərinə qarşı yol verdiyi kobud davranışa, işlətdiyi nalayiq ifadələrə, bununla da “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi” ilə müəyyən olunmuş qaydaların tələblərini pozduğuna görə daxili işlər orqanlarında xidmətdən xaric edilib.

1