Qazax rayonunun sərhəd kəndlərində su qıtlığı yaşanır. Buna İncəsu çayının qarşısının Ermənistan tərəfindən kəsilməsi və Azərbaycan ərazisinə su buraxmaması səbəb olub.
Belə ki, İncəsu çayı başlanğıcını Ermənistan ərazisindən götürür və axaraq Kür çayına tökülür. Lakin ötən əsrin 80-ci illərində inşa edilən Kəmərli kəndində yaradılmış anbara su axını olmadığından, demək olar ki, qurumaq üzrədir.
Nəticədə Kəmərli kəndi də daxil olmaqla Aslanbəyli və Qaymaqlı kəndləri də susuzluqdan əziyyət çəkir. Rəsmi orqanlar vəziyyəti ekoloji terror kimi dəyərləndirib. Qazax Suvarma Sistemləri İdarəsindən anbara suyun toplanmasının yalnız İncəsu çayı vasitəsilə mümkünlüyü deyilib. Lakin çayın mənbəyi bədnam qonşularımızın nəzarətində olduğundan hər-hansı bir tədbir görülməsi mümkünsüzdür.
Qurumdan bildirilib ki, məsələnin həlli ancaq Kür çayından yeni nasos stansiyanın qurulması ilə mümkündür. Bunun üçün isə aidiyyəti qurumlara müraciətlər olunduğu bildirilib.
Məsələ ilə bağlı fikirlərini "Şərq"ə bölüşən millət vəkili Elman Məmmədov bildirib ki, məkrli düşmən yenə də bütün murdarlıqlardan istifadə edir. E.Məmmədov diqqətə çatdırıb ki, bu, murdar düşmənlərin növbəti ekoloji təxribatdır:
"Bu, onların birinci əməli deyil. Onlar hər zaman bütün sərhədboyu, yaxud təmas xətti boyu ərazilərimizdə belə əməllərə əl atırlar. Dəfələrlə, onların nə qədər yanğınlar törətdiklərinin, sularımızı zəhərlədiklərinin və çirkləndirdiklərinin şahidi olmuşuq. İndi də növbəti murdar əməllərini Qazax rayonunun sərhəd kəndlərində həyata keçirirlər. Bədbəxtçiliyimiz odur ki, bizə gələn axar suların müəyyən bir hissəsi Ermənistan ərazisindən, bəzi hissəsi isə işğal altında olan ərazilərimizdən gəlir. Məsələn, Tərtər, Xaçın, Qarqar kimi çaylarımız başlanğıcını işğal altında olan ərazilərimizdən götürür. O çaylar da bu gün ermənilər tərəfindən zəhərlənir".
Millət vəkili bildirib ki, Ermənistan "Metsamor" atom elektrik stansiyasının tullantılarını Araz çayı vasitəsilə ərazilərimizə axıdır:
"Suyun istiqamətini dəyişməklə yanaşı, yay aylarında quraqlıq yaradırlar, bəzən isə qış aylarında ərazilərimizi selə basırlar. Təbii ki, bu, məkrli düşməndir. Erməni elə-belə, tərbiyəli düşmən deyil.
Onlar tərbiyəsizliyin, əxlaqsızlığın ən yüksək səviyyəsində duran tarixi düşmənlərimizdir. Sərhəd kəndlərində suların buraxılmaması məsələsi barədə Azərbaycan daim beynəlxalq qurumlara məlumat verir. Ancaq bu qurumlar Ermənistanın yaramaz hərəkətlərinə qarşı hansısa tədbir görürmü? Təəssüf ki, xeyr.
Necə ki, onlar ermənilərin başqa qanunsuz hərəkətlərinə göz yumurlar, eləcə də ekoloji problemlərlə bağlı həmin mövqedə dayanırlar. Azərbaycan nə qədər dünyaya car çəksə də, sübutlar, faktlar ortaya qoysa da, bunun qarşısı alınmır. Birləşmiş Millətlər Təşkilatı, ATƏT kimi qurumlar əksinə olaraq köməklik edirlər ki, ermənilər işğal olunmuş ərazilərimizə daha çox köçürülsün.
Yaxud da ki, Ermənistana şimal qonşumuz tərəfindən və yaxud başqaları tərəfindən durmadan silah daşınır. Beynəlxalq təşkilatlar bu illər ərzində ermənilərə qarşı bir cümlə və ya bir sətirlə hansısa sanksiya tətbiq edibmi, qadağa qoyubmu? Əlbəttə ki, etməyib. Bax, belə olan tərzdə çox maraqlı bir sual meydana çıxır.
Bəs, bunun qarşısını almaq üçün nə etmək olar? İlanın quyruğunu tapdayıb, başını salamat qoymaq olmaz. Yəni düşmənə elə sarsıdıcı zərbə vurmaq, darmadağın etmək və onu elə bir vəziyyətə salmaq lazımdır ki, məhv olmuş olsun. Bunu da yalnız Azərbaycan edəcək, başqa heç kim!".