Bakıda saxta pul dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.
DİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, polisə avqustun 21-də Yasamal rayon ərazisində B.Məcidov küçəsində yerləşən mağazadan telefon almaq üçün 5 ədəd 50 manatlıq saxta əsginaz, avqustun 23-də Nəsimi rayonu 20 Yanvar küçəsində dönər evindən 1 ədəd 50 manat saxta əsginaz verilməsi ilə bağlı məlumat daxil olub.
Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxta əsginaz dövriyyə buraxmaqda şübhəli bilinən paytaxt ərazisində kirayə yaşayan Xaləddin Məmmədov və pulları hazırlayan əvvəllər məhkum olunan Ağcəbədi rayon sakini Rəşadət Hacıyev saxlanılıb. Onların yaşadığı mənzildən saxta pul hazırlayan çap vasitələri və X. Məmmədovdan əlavə olaraq 8 ədəd saxta 50 manatlıq əsginazlar götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.