Mətbuatda və sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzulardan biri də keçmiş səhiyyə naziri Əli İnsanovun maddi imkanları ilə bağlıdır.
Hətta iddia olunur ki, Əli İnsanov həbsdən çıxarkən əynində olan geyimlər bahalı brend məhsulları olub.
Ötən il bu haqda açıqlama verən Əli İnsanov bildirib ki, mən ixtiraçı aliməm, dərman kəşf etmişəm:
"Həmin dərmanın xaricdə istehsalından pul qazanmışam və indi də qazanıram. Qazancımdan Azərbaycanın dövlət büdcəsinə vergi şəklində 100 min dollarlarla vəsait ödəmişəm".
Vaxtı ilə içərisində 20 ədəd tabletin olduğu bir qutu “İnsanovin” dərmanının 88 rubla satıldığı barədə məlumat olsa da, hazırda bu dərmanın harada və neçəyə satıldığı barədə məlumat yoxdur.
Onu da bildirək ki, 2004-cü ildə Almaniyanın Frankfurt şəhərində Avropanın İnkişaf Təşəbbüsləri Mərkəzi və Biznes Təşəbbüsləri Direktorluğunun keçirdiyi tədbirdə "İnsanovin" dərmanına görə Əli İnsanova "Avropa tağı" mükafatı verilib.
Qeyd edək ki, “İnsanovin” dərmanı bronxial astmanın müalicəsində istifadə olunur.
Maraqlıdır, xarici dövlətlərdən mükafat alan azərbaycanlı alimlər, ixtiraçılar varmı?
Cebhe.info xarici mükafatlara layiq görülmüş Azərbaycanlıları araşdırıb.
Yusif Məmmədəliyev – Kimyaçı alim, Elmlər Akademiyasının (EA) akademiki və prezidenti, Azərbaycan SSRİ Ali Sovetinin deputatı. Azərbaycanda EA-nı yaradanlardan biri olub. Azərbaycanın ilk akademiki olan 15 tanınmış şəxsdən biri olan Yusif Məmmədəliyev neft kimyasının əsasını qoyub, müharibənin ağır dövründə yüksək oktanlı benzin ixtira edib. Sovet İttifaqının qələbəsində tank əleyhinə qarışığın kəşfinin böyük əhəmiyyəti olub, məhvedici “kokteylin” müəllifidir.
SSRİ alimlərinin çoxu onun Nobel mükafatına namizədliyini təklif ediblər. 1957-ci il dekabrın 29-da Siyasi Büronun iclasında müzakirəyə çıxarılıb. Baş katib N.S.Xruşşov, büro üzvləri sənədlərin Nobel Komitəsinə təqdim olunması haqqında razılığa gəliblər. Qəfildən iclasa ünvanlanan bir məktub üzə çıxıb. Sovet Ordusunda xidmət edən erməni marşal Baqramyan, erməni general Babacanyan hərbi sirr olduğu üçün bu məlumatın Stokholma göndərilməsini məsləhət görməyiblər.
SSRİ NS-nin sədrinin birinci müavini erməni Anastas Mikoyan çıxış edərək məktubun müəlliflərini dəstəkləyib. Beləliklə, üç yüksək vəzifəli erməninin fitvası ilə Y. Məmmədəliyevin Nobel mükafatına namizədliyinin irəli sürülməsi baş tutmayıb. O, 15 dekabr 1961-ci ildə Bakıda xəstəxanada əməliyyat olunduqdan sonra müəmmalı şəkildə vəfat edib.
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Səhiyyə Nazirliyinin aparat rəhbəri vəzifəsində çalışan həmyerlimiz Saada Süleymanlı COVID-19 infeksiyasına yoluxan xəstələrin müalicəsində göstərdiyi fədakarlığa görə Əbu-
Dabi əmirliyinin vəliəhdi Şeyx Məhəmməd bin Zayed Əl-Nəhyan tərəfindən fəxri mükafatla təltif olunub.
Pekin Xarici Dillər Universitetinin gənc müəllimi, adıçəkilən ali təhsil müəssisəsinin Azərbaycan Dili kafedrasına başçılıq edən filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyevdir Çində "İlin ən yaxşı müəllimi" mükafatına layiq görülüb.
Azərbaycan əsilli yazıçı Fəriba Vəfi Almaniyanın "LiBeraturpreis” ədəbi mükafatına layiq görülüb. Bu nüfuzlu mükafata namizəd qismində təbrizli yazıçının "Tərlan” romanı seçilib. Roman həmçinin satış və oxuma statistikası nəzərə alınaraq həm də "İlin kitabı” elan edilib.
Bu mükafat ildə bir neçə dəfə Afrika, Asiya və Latın Amerikasından olan yazıçılara verilir və bu il Fəriba Vəfi müvafiq ölkələr üzrə namizədliyi irəli sürülən 10 namizəd arasından seçilib. Bu il Haitidən, Hindistandan, Keniya və Cənubi Koreyadan olan yazıçılar namizəd idilər.
Mükafatın sahibi 1962-ci il təvəllüdlü yazıçı Fəriba Vəfinin əvvəllər hekayələri dərc edilmiş, 2002-ci ildə isə bizə “Zirzəmi quşu” kimi məlum olan ilk romanı işıq üzü görmüşdür. Roman çox uğurlu olub, İranda mühüm ədəbiyyat mükafatları qazanıb. 10 il sonra roman Rotbux nəşriyyatı tərəfindən alman dilində dərc olunmuşdu.
Xəzər Universitetinin siyasi elm və beynəlxalq münasibətlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Muxtar Hacızadə elmi-pedaqoji fəaliyyəti və Avropa inteqrasiyası ixtisasının tədrisi üzrə peşəkarlığı sayəsində dünya miqyasında nüfuzlu “Jean Monnet Kürsüsü Sahibi” tituluna layiq görülüb.
Qeyd edək ki, “Jean Monnet Kürsüsü Sahibi” elmi-pedaqoji titulu avropaşünaslıq üzrə ixtisaslaşan dünya alim və pedaqoqlarının apardığı tədrisin keyfiyyətini və innovativliyini qiymətləndirməyə xidmət edir.
“Jean Monnet Kürsüsü Sahibi” mükafatı alimlərin avrointeqrasiyaya aid tədris və araşdırmalarını dəstəkləmək məqsədilə qlobal səviyyədə keçirilən beynəlxalq müsabiqə əsasında Avropa Komissiyası tərəfindən üç illik müddətə verilir.
M.Hacızadə “Jean Monnet Kürsüsü Sahibi” mükafatını alan ilk və yeganə azərbaycanlıdır. Mükafat Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 2016-cı il martın 18-də dövlət qeydiyyatına alınıb.