Toysuz qalan müğənnilər necə yaşayır? - Sorğu

MAQAZİN
23:04 / 03.09.2020
1416

Koronavirus pandemiyası ilə əlaqədar elan edilmiş karantin qaydalarına əsasən toyların keçirilməsinə qadağa qoyulub. Təxminən 5 aydan çoxdur toylarla bağlı bu qadağanın gündəmdə olması gəliri bu sahədən çıxan müğənnilərə təsirsiz ötüşməyib.

Maraqlıdır, müğənnilər hazırda nə işlə məşğuldurlar və hardan gəlir əldə edirlər?

Mövzu ilə bağlı danışan müğənni Almaz Ələsgərli bildirib ki, hazırda heç bir işlə məşğul deyil:

“Hələ ki pandemiyadan əvvəl toylardan yığdığımız pulları xərcləyirik. Pulum tükənməyib. Düşünürəm ki, pandemiya başa çatana qədər bitməz”.

Əməkdar artist Elza Seyidcahan hazırkı durumdan şikayətçi olmadığını vurğulayıb:

“Vaxtında o qədər təmənnasız yaxşılıqlar etmişəm ki, indi onlar geri qayıdır. Həmişə şükür etmişəm, indiki vəziyyətdən də şikayətçi deyiləm. Bir kilo ətdən beş cür yemək bişirən insanam. Vaxtında halal zəhmətimlə qazanmışam, indi xərcləyirəm. Zəhmət çəksə, hamı xərcləyə bilər”.

Elza Seyidcahan toysuz qaldığı günlərdə boş oturmadığını da qeyd edib:

“Məsəl var – palaza bürün, elnən sürün. Pandemiya bəşəriyyətin bəlasıdır. Bu çətin günlərdə yanımda yalnız Allah olub. Bu aylar ərzində gözəl əsərlər üzərində işləmişəm. Həmin əsərlərin səslənməsinə isə maddi vəsait lazımdır. Bu əsərlər Tovuz döyüşlərində şəhid olan generalımıza, polkovnikimizə, əsgərlərimizə həsr olunub. İnşallah, onları da səsləndirəcəyik”.

Müğənni Bahar Lətifqızının prodüserinin sözlərinə görə isə bu gedişlə ifaçı özünə başqa sənət tapmalı olacaq:

“Hazırda Bahar xanımın heç bir əlavə gəliri yoxdur. Gündəlik xərclərini isə pandemiyaya qədər toylardan əldə etdiyi gəlirlə qarşılayır. Bu gedişlə Bahar xanım əlavə iş tapacaq. Universitetdə dərs deyə bilər. Muğam və xalq mahnılarından dərs verməyi düşünür”.

0
Axar.az