Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun müvafiq əmri ilə Xələfbəyli Səadət Vaqif qızı Mədəniyyət Nazirliyinin tabeliyində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktor müavini vəzifəsinə təyin edilib.
Nazirlikdən HİT.Az-a verilən məlumata görə, Səadət Xələfbəyli 1979-cu ildə Zaqatala şəhərində anadan olub.
2000-ci ildə Bakı Dövlət Universitetinin “Beynəlxalq Münasibətlər” ixtisası üzrə bakalavr, 2013-cü ildə isə Böyük Britaniyanın Kent Universitetinin “Miqrasiya Tədqiqatları” ixtisası üzrə fərqlənmə ilə magistr dərəcəsini əldə edib.
2001-2003-cü illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin aparıcı və baş mütəxəssisi vəzifələrində işləyib. 2003-2018-ci illərdə xarici ölkələrin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərində administrativ işlər, viza, miqrasiya və konsulluq məsələləri üzrə müşavir və baş müşavir vəzifələrində çalışıb.