Xaricdən Azərbaycan rəhbərliyini sərt tənqid edən müxalifətçi Qurban Məmmədov Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin və dövlət başçısının köməkçisi Əli Həsənovun himayəsi sayəsində böyük var-dövlət yığıb. Bu barədə sentyabrın 4-də bir sıra hakimiyyətyönlü KİV-lərdə, o cümlədən ATV telekanalında yayılan materialda iddia olunur.
İddialara görə, Məmmədov Nərimanov rayon icra hakimiyyətinin əməkdaşı Nurlan Həsənovla sövdələşməyə gedərək, saxtakarlıq yolu ilə ona aid olan mənzilin sahəsini sənədlərdə 480 kv metr kimi rəsmiləşdirib.
2011-ci ildə Gilan MMC-yə məxsus olan AzərTrans MMC tikinti aparmaq üçün ərazidə söküntü işlərinə başlayıb, Məmmədov təzminat olaraq ona verilən daşınmaz əmlakı qəbul etməyib. Bundan sonra Əli Həsənov rayon icra başçısı Abdin Fərzəliyevə "məsələni həll etməyi" tapşırıb.
Fərzəliyev məsələni uzatmağa çalışıb, amma Ramiz Mehdiyev ona zəng edib və məsələni dərhal Məmmədovun xeyrinə həll etməyi əmr edib. Nəticədə Məmmədova M.Nağıyev küçəsi, 2 a ünvanında tikilən binada üç mənzil verilib. Bu mənzillərin ümumi sahəsi 306,5 kv. m. təşkil edib.
Bundan başqa, Məmmədova 909 kv. m. sahəsi olan qeyri-yaşayış məkanı və 80 kv. metrlik qaraj verilib.
Məmmədov saxtalaşdıma yolu ilə ümumilikdə "Atlant İnşaat" şirkətinin binasında 1295.5 kv. m. ərazi əldə edib.
Məmmədovun bu sahə üçün 1.324.000 manat (təxminən 800 min dollar) ödəməsi haqqında iddialara baxmayaraq, faktiki olaraq, bu pul ödənilməyib, deyə ATV-nin materialında iddia olunur.
KİV-də Bakıda və şəhər ətrafında Məmmədova və onun ailə üzvlərinə məxsus olan mənzilllərin və malikanələrin siyahısı verilir. Bu, Məmmədovun Əli Həsənovun himayəsi altında əldə etdiyi daşınmaz əmlakın tam siyahısı deyil.
Elə həmin materialda digər sensasiya yaradan məlumatlar verilir. Sən demə, Əli Həsənov və Abidin Fərzəliyev dəfələrlə Rusiyaya - Moskvaya və Həştərxana gizli səfərlər ediblər və orada məxfi danışıqlar aparıblar. Onlar Rusiyanın müvafiq orqanların ilə sövdələşmə nəticəsində kriminal keçmişi olan Frenk Alkapone kimi tanınan (Fizuli Məmmədov) şəxsin Azərbaycanlıların diaspor təşkilatının rəhbəri təyin edilməsini razılaşdırıblar.
Müəlliflər belə bir nəticəyə gəlir ki, Məmmədovun Azərbaycan rəhbərliyinin ünvanına başlatdığı təhqir və söyüş kampaniyasının arxasında Əli Həsənov dayanır.
Araşdırma müəllifləri hüquq-mühafizə orqanlarının Məmmədovun sənədlərin saxtalaşdırılması yolu ilə 1300 kv. m. mənzil əldə etməsini araşdırmasını zəruri hesab edirlər. /Turan