Keçmişdə ən çox axtarılan cinayətkar olan Coselin Ceyms vaxtilə onu həbs edən polis məmurunun həyatını xilas edib.
Bu barədə "New York Post" yazır.
Belə ki, Coselin narkotik aludəçisi olub və dəfələrlə qanun ozuntusu edib.
Polis məmuru Terrell Potter onu iki dəfə saxlayaraq 10-dan çox ittiham irəli sürüb.
2013-cü ildə Ceyms altı ay reabilitasiya mərkəzində müalicə alaraq narkotik aludəçiliyindən qurtulub. Bundan sonra qadın narkomanların reabilitasiyası üçün özünün qeyri-kommersiya proqramını təşkil edib. 2013-cü ilin avqust ayından keçmiş cinayətkar 508 qadına kömək edib.
2019-cu ilin dekabrında Coselin "Facebook"dakı paylaşımlardan onu həbs edən Potterin böyrək köçürülməsinə ehtiyac duyduğunu öyrənib və ona donorluq etmək qərarına gəlib.
“Müqəddəs Ruh mənə dedi: "Bu adamın böyrəyi səndədir". Elə o zamandan böyrəyinin məndə olduğunu bilirdim”, - deyə Ceyms möcüəvi hadisəni şərh edib.
Prosedur üçün səkkiz il gözləməli olan polis heyrətlənib:
“Bu adi bir təsadüf deyil. Bu, Allahın təqdiridir. Bunun başqa izahı yoxdur".
Keçmiş cinayətkar uyğun namizəd olduğunu müəyyənləşdirmək üçün tibbi müayinələrdən keçib. Xəstəxanada böyrək nəqli üçün daha uyğun donor görmədiklərini bildiriblər.
Əməliyyat iyul ayının sonunda uğurla keçirilib.
“Allah məni Potterin ömrünü uzatmaq üçün bir "qab" kimi istifadə edib. Bu, mənim ən böyük uğurumdur. Mən ölmüş olmalı idim, lakin, bunun əvəzinə, Allah başqa bir insanın həyatını xilas etməkdə mənə kömək etdi. Mən onu sevirəm. yoldaşını və qızını sevirəm. Bu hissləri ifadə etmək mümkün deyil”, -deyən qadın göz yaşlarını saxlaya bilməyib.
Natəvan Baxşiyeva