“Hazırda ölkəmizdə xüsusi karantin rejimindən tədricən çıxış həyata keçirilir. Bu istiqamətdə yumşalmalar davam etdirilir. Unutmaq lazım deyil ki, bu karantindən çıxışla bağlı atılan uğurlu addımlardan biridir, digər vacibi isə maarifləndirmə işidir”.
Bunu Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev bildirib.
Onun sözlərinə görə, yumşalmalarla yanaşı elmi əsaslı dəqiq maarifləndirici tədbirlər aparılmasa cəmiyyətdə arxayınlaşma hissinin yaranma təhlükəsi böyükdür:
“İnsanlar bundan sonra da məsuliyyətli olmalıdır. Unutmaq lazım deyil ki, bizim cəmiyyətin böyük qismi virusun yayıldığl ilkin mərhələdə bütün elmi əsası olmayan fərziyyələrə uymuşdu, vəziyyət ciddiləşdikdən sonra isə əksəriyyət real vəziyyəti başa düşdü. İndi də virusun yenidən vəziyyəti ciddi şəkildə pisləşdirmə təhlükəsinə cəmiyyətin böyük qismi inanmaya bilər. Bu səbəbdən də cəmiyyətdə elmi əsaslı maarifləndirici tədbirlər davam etdirilməlidir. Təəssüflər olsun ki, hələ də təkcə maska taxılmasına, sosial məsafə gözlənilməsinə, əllərin tez-tez yuyulmasına çağırışları edilir. Amma unutmamalıyıq ki, təkcə bunlar yetərli deyil və virus bir tək hava-damcı yolu ilə deyil, aerezollar vasitəsilə də yayılır. Bu da qapalı şəraitdə virusun daha çox yayılmasına səbəb olur. Qapalı şəraitdə virusun 8 metrə qədər yayılması elmi əsaslarla sübut edilib. Ona görə də qapalı məkanlarda təmiz havanın daxil olmasını təmin etmək zəruridir, bir daha təkrar edirəm məsafə saxlamaq və maska taxmaq qədər önəmlidir. Əks halda virusun yayılması çoxala bilər”.
Azərbaycanlı alim bildirib ki, təmiz havanın otağa daxil olmasını məktəblərdə də təmin etmək mütləqdir:
“Nəzərə alsaq ki, yaxın günlərdə təhsil müəssisələri fəaliyyətə başlayır, məktəblərdə də eyni şəkildə sinif otaqlarına təmiz havanın daxil olmasını təmin etmək vacibdir. Sinif otaqlarının pəncərələri mütəmadi olaraq açılmalıdır. Bütün bu qaydalara riayət olunması da insanlara çatdırılmalıdır”.