“Onun kütləvi informasiya vasitələrində vermiş olduğu açıqlama bir daha sübut edir ki, onlar karantin rejimində qadağan edilən toy şənliyini təşkil etdiklərinə görə Azərbaycan qanunları qarşısında öz cəzalarını aldılar və həm də çox geniş şəkildə ictimai qınağa məruz qaldılar”
Bunu Moderator.az-a açıqlamasında millət vəkili Fəzail Ağamalı akademik Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin həbsdən çıxmasına münasibət bildirərkən deyib. Millət vəkili İ.Əliyevin onun ünvanına səsləndirdiyi ittihamlarına da cavab verib:
“Bu gün Ramiz Mehdiyevin kürəkəni və qudası haqlı olaraq verilmiş cəzanı çəkərək azadlığa buraxılıblar. Onun kütləvi informasiya vasitələrində vermiş olduğu açıqlama bir daha sübut edir ki, onlar karantin rejimində qadağan edilən toy şənliyini təşkil etdiklərinə görə Azərbaycan qanunları qarşısında öz cəzalarını aldılar və həm də çox geniş şəkildə ictimai qınağa məruz qaldılar. İ.Əliyev mənim adımı çəkir deyir ki, “Fəzail Ağamalı və onun kimi ünsürlər...”. Mən millət vəkiliyəm, xalqımın və dövlətimin keşiyində duran çoxmilyonlu vətəndaşlarımızdan biriyəm. Həyat yolum şəffafdır. Kiminsə qarşısında gözüm kölgəli deyil və R.Mehdiyevin kürəkəni İlhamdan fərqli olaraq heç zaman rəhmətlik və böyük imkanları olan qayınatamın kölgəsində olmamışam. Onun maliyyə imkanlarından özümə istifadə etməmişəm, öz həyatımı özüm qurmuşam. Nəyə nail olmuşamsa, özümə, əməyimə və zəhmətimə görə nail olmuşam. Xalqımın, dövlətimin dəstəyi ilə bu zirvəyə gəlib çatmışam. Tərcümeyi-halım çox şəffafdır və mən bu gün Azərbaycan dövlətinin şərəf tarixinə xidmət edən əsgərəm və bu xidmətdən çox qürur hissi keçirirəm. Ona xatırlatmaq istəyirəm ki, onun bu gün qayınatasının müdafiəsinə qalxmaq istədiyi fikirləri söyləməmişdən qabaq 2001-ci ildə R.Mehdiyevin mənsub olduğu komandanın ulu öndərimizin xəstəliyi dövründə etmiş olduğu xəyanətlə bağlı mənim yazılarımı bir də oxuyardı. Eyni zamanda, pandemiya dövrünün başlandığı zaman kəsiyində mənim “Prezident korrupsiya və rüşvətxorluq pramidasını damontaj edir” yazısını bir də diqqətlə oxusun. Mən əslində R.Mehdiyevin o yazıda qısa anatomiyasını, fəaliyyətinin lakonik cizgilərini ortalığa qoydum. Məgər R.Mehdiyevi mən vadar etmişdim ki, pandemiya dövrünün qanunlarını pozsun və Azərbaycan dövlətinin qanunlarına meydan oxusun. Bu bilinəndən sonra xalqımızdan, dövlətdən üzr istəmək, səhvini etiraf etmək əvəzinə, dörd məqaləylə dövlətimizin keçmiş olduğu yola etimadsızlıq toxumlarını səpən və Azərbaycan dövlətinə böyük zərbələr vuran çirkin əməllərini dövlətin və pərdələnmiş sözlərlə ulu öndərimizə və cənab prezidentimizə ünvanlayan R.Mehdiyev, özünü çox möhtəşəm, toxunulmaz və bütün dövlətin və qanunların sövqündə göstərmək əvəzinə, xalqımızdan, dövlətimizdən üzr istəyərdi.
Onun kürəkəni indiki üzrü ona ünvanlanmış olan həmin suallar zamanı istəyərdi. Deyərdi ki, bir ata kimi övladımın istəklərinin, arzularının əleyhinə gedə bilmədim. Bunu hamı, həmçinin mən də başa düşə bilərdim. Çünki atadır, istəyir ki, övlad toyu görsün. Bütün gənclərimiz kimi Allah onları xoşbəxt eləsin. Mənim işim toyu olan cütlüklə bağlı deyil, yəni birbaşa onlar hədəf seçilməyib. Nə mənim, nə də başqalarının yazısında gənclərin adı çəkilməyib. Hər kəs deyir ki, onlar da övladlarımızdı, Allah xoşbəxt eləsin. Ancaq onların toyunu bu cür qalmaqala çevirən məhz R.Mehdiyev, onun hikkələri və xırda R.Mehdiyev görüntüsünü yaratmağa çalışan kürəkənidir. Ona görə düşünürəm ki, hər halda dövlət öz gücünü göstərdi. Qayda-qanunları pozan hər kəs kimliyindən asılı olmayaraq Azərbaycan qanunları qarşısında cavab verir və bundan sonra da cavab verəcəkdir. Peşman olmaq, köhnə düşüncələrdən uzaq olmaq, səhvlərini etiraf etməyin özü həm də ağılın və mərdliyin göstəricisidir”.