"Kontakt Home" haqqında gedən şikayətlərə görə məşhur Facebook qrupunu alıb - İDDİA

ÖLKƏ
13:53 / 08.09.2020
1142

Əməkdar jurnalist və "APA-Holding" MMC-nin prezidenti Vüsalə Mahirqızı "Facebook”da populyar olan "Müştəriyəm, şikayətim var” qrupunun "Kontakt Home” şirkəti tərəfindən satın alındığını iddia edib.

HİT.Az xəbər verir ki, o, bu barədə facebook hesabında yazıb. V.Mahirqızı bildirib ki, "Kontakt Home” bu addımı həmin qrupda şirkət haqqında şikayətlərin yazılmasının qarşısını almaq üçün atıb:

"Deməli, ölkədə rəqabət üçün yaxşı müstəvi olan, müştərinin şikayəti ilə tanış olub real nəticə çıxarmağa kömək olan bir "facebook” qrupu var idi. "Müştəriyəm, şikayətim var” qrupu. Niyə var idi? Çünki orada ən çox şikayətlərin olduğu qurumlardan biri olan "Kontakt Home” qrupu satın alıb. İndi daha "Kontakt Home”dan şikayətləri görmək olmur. Arada bir-iki guya şikayət tipli məlumatı işıqlandırıb, sonra da onu həll edib "müştəri məmnuniyyəti" yaradırlar”.

V.Mahirqızı həmçinin iddia edib ki, "Kontakt Home” həmçinin qrupda şikayət edilən şirkətlərlə əməkdaşlıq edərək onlardan gələn şikayətləri də silir:

"Başlayıblar camaatın əsəbi, şikayəti üstündə pul qazanmağa. Şirkətlərlə alverə gedib, kim əməkdaşlıq edirsə, onun şikayətini silirlər. Bu da sizə müştəriyəm, şikayətim var”.

0