İcra başçılarının zəbt etdiyi torpaqlar sahiblərinə qaytarılacaq?

ÖLKƏ
13:27 / 19.05.2020
1092

Məlumdur ki, son zamanlar yerli icra hakimiyyətlərinin fəaliyyəti ilə bağlı çoxsaylı neqativ hallar üzə çıxıb.

Yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, vətəndaşlardan hüquqlarını mütəmadi olaraq pozulması aşkarlanıb. Dövlət Təhlükəsizlik Xidmətinin açıqlamalarına görə, bir sıra icra başçıları tərəfindən rayon ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olanlardan müxtəlif adlarda ödəniş tələb edilib, işsiz və aztəminatlı vətəndaşlara məxsus əməkhaqqı kartlarını müxtəlif adlar altında ələ keçirilib, təhsil, səhiyyə və digər yerli dövlət orqan və müəssisələrində davamlı korrupsiya əməlləri törədilib.
İcra başçılarının və icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin qanunsuz və dövlətin mənafeyinə zərbə vuran əməllərindən biri də vəzifə səlahiyyətlərindən sui-istifadə edilməklə rayon ərazisində torpaq sahələrinin özbaşına tutulması, qanunsuz olaraq şəxsi məqsədlər üçün istifadə edilməsi ilə bağlı olub.

Vəzifəli şəxslər tərəfindən mənimsənilən torpaqlar öz sahiblərinə qaytarıla bilərmi? Bu hansı hüquqi vasitələrlə həyata keçirilə bilər?

Hüquqşünas Əsabəli Mustafayev “Cümhuriyət”qəzetinə açıqlamasında bildirib ki, Azərbaycanın əksər rayonların icra hakimiyyətlərinin müxtəlif qanun pozuntuları, insanlara qarşı kobudluq, onların əmlaklarının ələ keçirilməsi ilə bağlı çoxsaylı şikayətlər var:
“Bunun da baş vermə səbəbləri odur ki, icra hakimiyyəti başçılarına qeyri məhdud səlahiyyət verilib. Həmin ərazilərdə fəaliyyət göstərən hüquq-mühafizə orqanları, məhkəmə, prokurorluq, polis, hətta milli təhlükəsizlik işçiləri - məhdud çərçivədə olsa belə, icra başçılarının göstərişi ilə oturub - durur. Hesab olunur ki, icra başçıları Prezidentin göstərişi ilə təyin olunduğundan onların verdiyi göstərişlər mütləq icra olunmalıdır. İcra başçıları da bu yanaşmadan istifadə edərək, qanun pozuntularına yol verirlər. Məhkəmələrə müraciət olunduqda isə məsələyə ədalətli baxılmır. Ona görə də vətəndaşlarda yerli icra hakimiyyəti orqanları ilə bağlı neqativ fikir formalaşıb”.

Torpaqların icra hakimiyyəti başçıları və onlara yaxın şəxslər tərəfindən mənimsənilməsindən danışan hüquqşünas bunun bir neçə yolla baş verdiyini deyib:

“Ola bilər ki, həmin torpaqların ələ keçirilməsinin bir hissəsi məhkəmə yolu ilə baş verib. İcra başçıları məhkəməyə verib və torpaq sahiblərini mülkiyyət hüququndan məhkum etdiriblər. Digər yol isə torpaqların bələdiyyələrin vasitəçiliyi ilə mənimsənilməsidir. Məhkəmə yolu ilə torpaqların mənimsənilməsi faktları varsa və bununla bağlı Ali Məhkəmənin qərarı varsa, torpaqların geri qaytarılması çətinləşir, amma bu hüquqi vasitələrlə mümkündür. Bu zaman əlavə kassasiya şikayəti verilir. Doğrudur, müddətin keçməsi mümkündür, amma bu müddət bərpa olunur və məsələyə Ali Məhkəmənin plenumunda baxılır. Sonradan isə yenidən baxılması üçün yerli məhkəmələrə qaytarılır. Əgər torpaqların mənimsənilməsi icra başçılarının və ya bələdiyyələrin qərarı ilə baş veribsə, bu zaman problemin həllini tapması daha asan olur. Bu zaman zərərçəkmişlər məhkəmələrə müraciət edir. Məhkəmələr qərarları ləğv edir və sahibləri öz mülkiyyətlərinə yenidən sahib olurlar. Hər iki halda, hüquqi imkanlar mövcuddur, amma dövlətin həmin şəxslərə dəstək olmasına və öz əmlaklarını geri qaytarmasına yardımçı olmasına ehtiyac var”.

0
Dia.az