Prezidentin yeni yaratdığı Şura hansı işi görəcək? - Deputat

İQTİSADİYYAT
15:42 / 09.09.2020
1090

"Çox istərdim ki, orada alternativ fikirli, mövqeyini bildirən insanlar da olsun".

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov Prezident İlham Əliyevin Azərbaycanda İqtisadi Şuranın yaradılması ilə bağlı Fərmanı şərh edərkən deyib.

Deputat yaradılan İqtisadi Şuranın məqsəd və məramının fərmanda öz əksini tapdığını qeyd edib:

"Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsi, araşdırılma aparılması, sürətləndirilməsi və s. kimi məsələlər nəzərdə tutulur. İqtisadi Şuraya Baş nazir rəhbərlik edir və digər hökümət üzvləri də faktiki olaraq tərkibindədir. İqtisadi Şuranın yaradılması ilə bağlı təklif çoxdan vardı”.

Vahid Əhmədov yaradılan İqtisadi Şurada müstəqil iqtisadçıların da yer almasını məqsədəuyğun hesab edir:

"Çox istərdim ki, İqtisadi Şurada sərbəst iqtisadçılar da olsun. Hansı ki, müəyyən qabiliyyətə malik şəxslər də iştirak etsəydi, daha yaxşı olardı. Faktiki İqtisadi Şura hökümət üzvlərindən ibarətdir. Onsuz da onların vəzifəsi Azərbaycanın iqtisadi vəzifəsini analiz etmək, müəyyən təkliflər verməkdir. Amma hər halda bu müsbət addımdır. Şuraya qısa vaxt ərzində təkliflər verilməlidir. Amma çox istərdim ki, orada alternativ fikirli, mövqeyini bildirən insanlar da yer alsın. Azərbaycan iqtisadiyyatını bilən insanlar da orada olması vacib idi. Şura Azərbaycan iqtisadiyyatının inkişafı və onun presperktivi üçün böyük əhəmiyyət kəsb edir”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev iqtisadi siyasətin və iqtisadi islahatların yeni idarəetmə çərçivəsinin yaradılması və "Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 iyul tarixli 995 nömrəli Fərmanının ləğv edilməsi barədə Fərman imzalayıb.

0