Virus Binəqədidə niyə “tüğyan edir”? - Mərkəz direktoru da bilmir

ÖLKƏ
16:44 / 10.09.2020
806

Koronavirusa yoluxmanın yayılmasına görə paytaxtın Binəqədi rayonu ilk yerdədir. Belə ki, koronavirus testi müsbət nəticələnmiş paytaxt sakinlərinin 14,3 faizi bu rayonda yaşayır.

Sözügedən rayonun yoluxmanın yayılmasına görə ilk sırada olması maraq doğurub.

Məsələ ilə bağlı Cebhe.info-ya danışan Binəqədi Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Fədai Hacıyev koronavirusun yayılma arealının Binəqədi rayonunda üstünlük təşkil etmə səbəbini əsasən virusun idarəolunmazlığı ilə əlaqələndirib:

"Ümumiyyətlə, yoluxma tempinin rayonumuzda yüksək olması səbəbini araşdırmaq çox çətindir. Bildirim ki, Abşeron rayonu Binəqədi ilə sərhəddir. Abşeron rayonunda da yoluxma ilə bağlı yüksək göstərici müşahidə olunur. Artımın səbəbi barədə hər hansı fikir bildirə bilmərəm. Səbəb məlum olsa, tez aradan götürə bilərik. Binəqədi rayonunda icra başçısı və Səhiyyə Nazirliyinin tapşırığı ilə bütün tədbirlər vaxtında həyata keçirilir. Profilaktik tədbirlər, böyük marketlərdə, əhali arasında, məhlələrdə reydlər mütəmadi reydlər keçirilir. Koronavirus testi müsbət nəticələnmiş sakinlərin sayı əvvəl 16 faiz idisə, indi 14, 3 faizə düşüb”.

Qurum rəhbərinin sözlərinə görə, virusun bu rayonda yayılma potensialının yüksək olmasında cüzi faktor kimi Binəqədi rayonunda mövcud olan sıxlıqdır:

“Sıxlıq bir faktor ola bilər. Amma idarə olunmayan infeksiyanın yayılmasının, gedişatının, proqnozunun hansı formada gedəcəyi haqqında heç bir fikir söyləmək düzgün deyil. Çünki bizim üçün koronavirus məlum olan hadisə deyil. Dünya 6 aydır ki, bu virusa qarşı vaksin tapa bilmir. Virus o qədər dəyişkən və güclü təsirə malikdir ki, onun dalınca elm çata bilmir. Təbii hadisə olduğu üçün hər kimsənin də bu barədə proqnoz verməsi düzgün deyil ”.

0