Xaçmazda suyun qabağını kəsmiş "əjdahalar" kimlərdir - FOTO/VİDEO

ÖLKƏ
17:02 / 10.09.2020
1119

Rəsmi qurumların rəsmilərinin rəsmi açıqlamalarında tez-tez eşidirik ki, şərəfli əməyi ilə ölkənin ərzaq təhlükəsizliyinə misilsiz töhfələr verən və əhalinin davamlı surətdə ərzaqla təmin olunması missiyasını üzərinə götürən kənd əməkçiləri və fermerlər dövlətin xüsusi diqqət və qayğısı ilə himayə olunublar. Əgər bu deyilənlər doğrudursa, Xaçmaz rayonunda yaşayan fermerlər və əməkçilər niyə bu diqqət və qayğıdan uzaq qalıblar? Olmaya Xaçmaz rayonu və oradakı fermerlər Azərbayacana aid deyillər?

Bu sətirləri oxuyan rəsmilər sual edəcəklər ki, nə istəyir axı Xaçmaz fermerləri? Nə istəyəcəklər, çətin pandemiya şəraitində, koronavirus təhlükəsinə əhəmiyyət vermədən, gecə-gündüz demədən, min bir əzab-əziyyətlə əkib becərdikləri sahələri suvarmaq üçün su tələb edirlər!

Hələ may ayından bəri su deyibən haray çəkən fermerlər torpaqdan əllərini üzüblər. İndi Xaçmazda sahibləri tərəfindən “atılmış” ucsuz-bucaqsız əkin sahələri ilə rastlaşmaq olar. Fermerlər becərdikləri sahələrdən məhsul götürə bilməyəcəklərini, xərclərinin borclarını ödəməyəcəyini yəqin etikdən sonra artıq əziyyət çəkməyi mənasız hesab edərək, əkin sahələrini tərk ediblər. Mövcud durum əkinçiləri xeyli ruhdan salıb, bundan sonrakı illərdə də artıq əkin-biçinlə məşğul olmamaq qərarını verməyə vadar edib.

Ancaq nədənsə bu ciddi problem nə aidiyyəti qurumları, nə də Xaçmaz rayon rəhbərliyini narahat edir. Əgər narahat etsəydi, ya susuzluqdan erroziyaya uğramış əkin sahələrinə, ya da susuzluqdan dodaqları çatlamış, işsiz, pulsuz qalmış əkinçilərin durumuna rəhm edərək problemə zamanında bir çarə tapardılar.

Bəs, görəsən, xaçmazlı fermerləri bu çıxılmaz vəziyyətə təbiətmi salıb, yoxsa bizim görmədiyimiz hansısa əl cadar-cadar olmuş torpağı suya həsrət qoyub? Ümumiyyətlə, mövcud problemin həlli varmı? Bu suallara cavab tapmaq məqsədilə kiçik araşdırma aparmaq qərarına gəldik.

Fermerlər iddia edirlər ki, susuzluğun səbəbi “göydən gələn bəla” deyil. Yəni, bu il yetəri qədər yağıntı olub. Ancaq yağıntı çox olsa da, hətta çaylar daşa belə, su gəlib onlara çatmayıb, əkin sahələri suya həsrət qalıb.

Xaçmazlı jurnalist-bloger Cəmil Məmmədli də deyir ki, əslində bəs qədər su var, sadəcə suyun qarşısını “əjdaha” kəsib. Və o “əjdaha”nın öhdəsindən gəlmək müşkül məsələdir.

Junalist bölgədəki susuzluğun səbəbini tapmaq üçün Rusiya sərhədinə gedərək, Samur çayının Azərbaycana ayrılan hissəsindən, yəni suqovuşandan başlayaraq düz Xaçmaza qədər araşdırma aparıb.

Jurnalit deyir ki, Samur çayından Azərbaycana iki kanal ayrılır, Samur-Abşeron kanalı və Xan arxı. Xaçmazın bəzi kəndlərindəki əkin sahələri Samur-Abşeron kanalından, bəziləri isə Xan arxından suvarılır. Suqovuşanda Xan arxına gələn suyun qarşısı qəsdən azaldılıb, su daha çox Samur-Abşeron kanalına yönləndirilib. Samur-Abşeron kanalından isə yetəri qədər su olsa da, müəyyən yerlərdə məmurlar, iş adamları tərəfindən su oğurlanır. Belə ki, bir çox yerdə xüsusi qurğular quraşdırılıb ki, həmin qurğular vasitəsilə məmurların bağlarına, əkin sahələrinə vurulur. Həmçinin kəndlərə gedən suyun qarşısı kəsilib, su qapılarından çox az miqdarda su buraxılır, su pompalarla məmurlara məxsus süni göllərə, balıq fermalarına, daş karxalarına vurulur. Kanaldan təkcə Suvarma İdarəsinin rəisi Vaqif Səlimovun kəndinə normal miqdarda su ayrılır.

Jurnalistin Samur-Abşeron kanalı boyunca çəkdiyi videoları da tədim edirik.

Ümid edirik ki, problem ictimailəşdikdən sonra rayon fermerlərinin üzləşdiyi su probleminin aradan qaldırılması məqsədilə əlaqədar təşkilatlar tərəfindən ciddi tədbir görüləcək. Əvvəldə qeyd etdiyimiz kimi, xaçmazlı kənd əməkçiləri və fermerlər də aid olduqları bu dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə olunacaqlar./Dominant.az

2