Paşinyan niyə Azərbaycanın üzərinə gedir? - Erməni yazar Rəsulzadənin müdafiəsinə qalxdı

ÖLKƏ
14:25 / 19.05.2020
1906
Ermənistanın populist baş naziri Nikol Paşinyanın Azərbaycan istiqlalının banisi, Şərqdə ilk demokratik cümhuriyyətin qurucusu Məmməd Əmin Rəsulzadəyə atdığı məlum iftira az-çox vicdanı olan ermənilərdə də etiraz və qıcıq doğurub. Onlardan biri də siyasi yazar Mamikon Babayandır.

Siyasi şərhçi bu barədə xüsusilə “Vestnik Kavkaza“ portalı üçün məqalə yazıb: 

“Ötən şənbə günü özünün növbəti onlayn mətbuat konfransı zamanı cənab Nikol Paşinyan “tarix bilikləri”ni bir daha nümayiş etdirdi. Baş nazir bu dəfə II dünya müharibəsi dövrünə nəzər saldı və nasistlərlə... azərbaycanlıların “əməkdaşlıq epizodları” üzərində dayandı. Paşinyanın fikrincə, “Azərbaycan nasizm üzərində qələbədə erməni xalqının rolunu azaltmağa çalışır”. O, bu mövqeni guya azərbaycanlıların nasist legionlarına fəal iştirakı ilə sübut eləməyə çalışdı.
Məsələ ondadır ki, II dünya müharibəsi illərində hitlerçilərlə işbirliyində olanların sayı və milliyyəti ilə bağlı statistika həm Avropa, həm də yerli arxiv materialları ilə təsdiqlənir. Onların çoxu xalqın ixtiyarındadır. Paşinyanın ittihamlarının absurdluğu ondadır ki, konkret erməni xalqının nasizm üzərində qələbəsindəki rolunu azaltmaq mümkün deyil, çünki sovet xalqının Böyük Vətən Müharibəsində qələbəsi bölünməzdir - bu, bütün SSRİ-nin milyonlarla əsgəri və arxa cəbhə işçilərinin ortaq zəhməti, töhfəsidir. Nikol Paşinyan isə ümumi qələbəyə erməni generallarının və əsgərlərinin sayı, bir də Sovet İttifaqı Qəhrəmanlarının milliyyəti prizmasından baxır.

Bəs niyə o, Azərbaycanın üzərinə gedir? Axı Bakı heç vaxt erməni xalqının ümumi qələbədə rolunu azaltmaq niyyəti güdməyib. Üstəlik, II dünya müharibəsinin minlərlə erməni iştirakçısı Azərbaycan SSR-dən çıxanlar idi. Azərbaycan yalnız o məntiqdən çıxış edir ki, İrəvanın mərkəzində nasist cinayətkarı və əlatısı Qaregin Njdenin abidəsinin qoyulması SSRİ və Avropanın bütün xalqları ilə birlikdə faşistlərə qarşı vuruşmuş erməni xalqının qəhrəmanlığına ziddir.

Bu yaxınlarda MDB ölkələri ümumi Qələbə Gününü qeyd etdilər. Lakin müasir Ermənistanda bu bayram birmənalı qarşılanmadı. Çünki ölkədə Njdeyə pərəstiş irəliləməkdə davam edir. Ermənistanın milli siyasəti öz təbliğatının tələsinə düşüb ki, bu da “qəhrəman” axtarışına gətirib. Beləcə, “ən qədim xalq” obrazını qorumaq üçün erməni millətçi ideoloqlar postsovet məkanında konsolidasiya prinsiplərindən uzaqlaşmaqdadırlar.

Lakin reallıq belədir ki, siyasi və iqtisadi cəhətdən Ermənistan postsovet mentalitetinin tərkib hissəsi olmağa davam edir - baxmayaraq ki, erməni tarixinin son dövrünün siyasi strateqləri ölkəni ümumi sovet keçmişi və regional məkanla əlaqəsi olmayan kimi təqdim etməyə çalışırlar. Belə yanaşma ən yaxın qonşularla münasibətdə müharibə ritorikası da daxil, etnik kartla oynamağa imkan verir. Bu - belə bir ritorikanı siyasi platforma kimi istifadə edən erməni siyasətçilərinin ilk nəsli deyil.

Mətbuat konfransında Nikol Paşinyan erməni legionu və Vermaxtın bir çox digər etnik hərbi birləşmələrinin mövcudluğunu xatırlatmadı və Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məmməd Əmin Rəsulzadənin ünvanına tənqidi sözlərlə Njdenin cinayətkar reputasiyasını qorumağa səy etdi. Nasistlər həqiqətən də keçmiş Rusiya imperiyasının hüdudlarını tərk etmiş bir çox mühacirlərə kömək üçün müraciət etmişdilər. Onların arasında bolşevizmə nifrət bəslədiyi üçün nasistlərlə əməkdaşlıq edənlər də tapılmışdı.
Ancaq Qaregin Njdedən fərqli olaraq, demokratiya dəyərlərini bölüşən Məmməd Əmin Rəsulzadə fövqəlbəşər ari millətçiliyinə əsaslanan faşist ideologiyasını qəbul edə bilməzdi. Paşinyanın tarix araşdırmaları isə yalnız alman mənbələrində Rəsulzadə haqda xatırlamalarla məhdudlaşdı – hansı mənbələrə ki, Ermənistan baş naziri və köməkçiləri yəqin ki, nüfuz edəsi olmayıblar.

Ehtimal ki, bu cür siyasi demaqogiya - erməni ictimaiyyətinin diqqətini manipulyasiya etmək üçün növbəti cəhddir. Pandemiya dövründə, bütün ölkənin davamlı olaraq gərginlikdə yaşadığı vaxtda Ermənistanın baş naziri beləcə, tarixə baş vurmaqdan savayı, uyğun bir mövzu tapa bilməyib – artıq qəti olaraq aydındır ki, Paşinyanın həmin tarixdən başı çıxmır”.
0
“Yeni Müsavat”