İstənilən an hərbi əməliyyatlar başlaya bilər... - Deputat

ÖLKƏ
14:30 / 15.09.2020
971

"İstəlinən an hərbi əməliyyatlar başlaya bilər”.

Bunu ANN.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. Onun sözlərinə görə, bu gün Azərbaycanın həm xarici, həm də təhlükəsizlik istiqamətində siyasəti fəaldır:

"Ölkə Prezidenti İlham Əliyevin müəyyən etdiyi kursa görə, dövlətimiz ilk növbədə çevik hücum taktikasına söykənən xarici siyasət kursu həyata keçirir. Eyni zamanda Ali Baş Komandan dəfələrlə bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində bizim prinsipial mövqeyimiz belədir ki, münaqişənin dinc yolla həllini istəyirik və sülhpərvər dövlətik, ərazi bütövlüyü məsələsi heç bir zaman danışıqların  müzakirə predmeti olmayıb və bundan sonra da olmayacaq. Bu, birmənalı mövqedir. Lakin  danışıqlara sadiqlik bir halda mümkündür ki, qarşı tərəf də ortaya konstruktiv mövqe qoysun”.

Elman Nəsirovun fikrincə, qarşı tərəfin son davranışları tamamilə fərqlidir:

"Fikir verin, 12-16 iyul hərbi təxribatı, Rusiyadan Ermənistana 400 tondan artıq silah-sursatın daşınması, bundan əlavə, yeni-yeni hərəkətlərin həyata keçirilməsi, müdafiə və milli təhlükəsizlik konsepsiyalarında dəyişikliklərin edilməsi, Azərbaycan və Türkiyənin birmənalı şəkildə Ermənistan üçün düşmən dövlət olaraq müəyyən edilməsi, Ermənistan Baş nazirinin işğal altındakı ərazilərə intensiv səfərləri, eyni zamanda hətta Şuşada Azərbaycanın qədim mədəniyyət paytaxtında təhlükəsizlik Şurasının toplantlarının keçirilməsi...

Bu və digər faktlar onu göstərir ki, düşmən tərəf ciddi-cəhdlə müharibə istiqamətində addımlar atır. Bütün bu reallıqlar fonunda müharibə versiyası aktuallaşır. Azərbaycan tərəfi bu halda heç bir məsuliyyət daşımır. Müharibə başlasa, bütün məsuliyyət Ermənistanın, onu himayə edənlərin, beynəlxalq ictimaiyyətin üzərinə düşəcək. Ən böyük məsuliyyət isə ƏTƏT-in Minsk Qrupunun üzərinə düşəcək ki, çox dişsiz, prinsipsiz bir siyasət həyata keçirir. Hətta son hadisələrlə də bağlı heç bir qətiyyətli, kəsərli mövqe ortaya qoymayıblar. Yenə də ünvansız bəyanatlar verməkdə davam edirlər. Hadisələrin bu gedişi müharibə versiyasını olduqca aktuallaşdırır. İstəlinən an hərbi əməliyyatlar başlaya bilər”.

Elman Nəsirov qeyd edib ki, sosial şəbəkələrdə ordu və onun rəhbərliyinün ünvanına aparılan qarayaxma kampaniyası Ermənistanın təxribatçı siyasətin tərkib hissələrindən biridir: 

"Ermənistan hərbi-siyasi rəhbərliyi dünyadakı erməni diasporu, erməni lobbisi və eyni zamanda ermənipərəst siyasi dairələr, onların əlaltılarına çevrilmiş sapı özümüzdən olan baltalar bir çox hallarda Azərbaycan ordusunu, onun döyüş ruhunu aşağı salmaq üçün təxribatçı informasiyalar yayırlar. Azərbaycan ordusunun döyüş ruhunu sarsıtmaq üçün belə yalan, iftira ilə dolu informasiyalar yaılmaqdadır. Bu informasiya müharibəsinin tərkib  hissəsidir. Əslində isə reallıq belədir ki, Azərbaycan ordusunun güclü olduğunu təkçə Azərbaycan rəhbərliyi və xalqı demir. Azərbaycan Ordusu dünyada 50 ən güclü ordu sırasındadır. Eyni zamanda Azərbaycan ordusunun güclü döyüş ruhu var. Ordumuz bunu 2016-cı ildə Aprel döyüşləri, 2018-ci il may, Naxçıvan döyüşləri və eyni zamanda Ermənistanın bu iyul ayındakı hərbi təxribatına layiqli cavabı ilə bunu sübuta yetirdi. Ordumuzun döyüş ruhu ən yüksək səviyyədədir”.

0