Məhkəmələr kredit borcları üzrə işlər ilə "yüklənib" - Çıxış yolu nədir?

İQTİSADİYYAT
19:10 / 17.09.2020
1276

"Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin icraatında olan 700 mindən artıq işin yarısı kredit borcları ilə bağlıdır". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin kredit borcları şöbəsinin rəis əvəzi Emin Veysov deyib. O bildirib ki, hazırda icraatda olan işlərin əksəriyyəti - təxminən 350 mindən çox iş - kredit borcları ilə bağlıdır: "Bu növ məhkəmə qərarlarının icrasında səmərəliliyin və operativliyin artırılması məqsədilə kredit borcları şöbəsi yaradılıb".

Bəs maraqlıdır, məhkəmələrin və icra məmurlarının kredit borcları ilə bağlı iş yükü niyə çoxdur? Problemdən çıxış yolu nədir?

Hüquqşünas Elyar Həsənov Sputnik Azərbaycan-a deyib ki, məhkəmələrdə kredit borcları ilə bağlı işlər çoxluq təşkil edir:

"Vətəndaşlar kreditləri niyə qaytara bilmirlər - çünki faizlər yüksəkdir. Kredit faizləri yüksək olmasa, problemli kredit bu qədər çox olmaz. Problemli kreditlər azalanda məhkəmələrə gedən işlərin yükü də azalacaq. Bu gün icraçıların iş yükünün 50 faizi kredit borcları ilə bağlıdır".

"Vətəndaş gedib kredit götürür, amma sonra ödəyə bilmir, çünki üzərinə faiz, cərimə gəlir. 30-35 faizlə kredit verilir, bunu qaytarmaq olar? Bu da sonra problemli kreditə çevrilir və beləcə məhkəmənin, icra məmurunun iş yükü artır. Bu gün təxminən hər 10 işdən 4-ü kredit borcları, 4-ü isə ailə münaqişələri ilə bağlıdır", - deyə o qeyd edib.

Onun fikrincə, kredit borcları ilə bağlı iş yükünü azaltmaq üçün faizlər aşağı salınmalı, banklar güzəştə getməlidir: "Devalvasiyalardan sonra dollarda kredit götürənlərin 70-80 faizinin işi məhkəmələrə gedib. Yəni şəxsin qazancı manatladır, lakin dollarda kredit götürdüyü üçün bir gecədə onun borcu ikiqat artır. Əgər ödəyə bilmirsə, iş məhkəməyə, icra məmuruna gedir. Digər tərəfdən, pandemiya dövrüdür, biznes zəifləyib, yenə də kredit problemləri yaranacaq, bu da məhkəmə işlərini artıracaq. Sağlam iqtisadi mühit təmin edilməli, normal sahibkarlıq münasibətləri olmalıdır".

Vəkil Feyzulla Mehdiyev də Sputnik Azərbaycan-a deyib ki, məhkəmədə mülki işlərin 50 faizindən çoxunu bank məsələləri, kredit borcları təşkil edir: "Bunun səbəbləri çoxdur. İlk səbəbi kreditlərin faiz dərəcələrinin yüksək olmasıdır. İnsanlar yüksək faizlə kredit götürür və sonra ödəyə bilmirlər. Nəticədə bu, məhkəmə mübahisələrinə gətirib çıxardır. Hesab edirəm ki, faiz dərəcələri az olsa, məhkəmələr də "yüklənməz". İnsanlar vaxtı-vaxtında aylıq kredit borclarını ödəyə bilərlər. Fikrimcə, problemdən çıxış yolu kreditlərin faiz dərəcələrinin azalmasıdır".

Emin Veysov qeyd edib ki, ədliyyə nazirinin 2020-ci il 21 fevral tarixli əmri ilə İcra baş idarəsinin tərkibində kredit borcları şöbəsi yaradılıb: "Ölkəmizin iqtisadi inkişafı fonunda maliyyə resurslarının aktivləşməsi bu sahədə məhkəmə çəkişmələrinin artmasına, məhkəmə qərarları ilə borclu və tələbkar tərəfin müəyyənləşdirilməsinə gətirib çıxarıb. Şöbə qarşıya qoyulan tapşırıqların icrası istiqamətində mühüm məqsədlərə nail olub. Dövlət başçısının "Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" fərmanı ilə bir daha vətəndaşlara böyük güzəşt edilib və bir çox işlər həllini tapıb. Fərmana uyğun olaraq problemli kreditlərin restrukturizasiyası ilə bağlı təxminən 100 minə yaxın işə xitam verilib".

0