Bu gün, 18 sentyabr, böyük bəstəkarımız, Qarabağın yetirdiyi dahilərdən biri, bəlkə də ən birincisi, akademik musiqimizin tarixini başladan bəstəkarın, maarifçi, xeyriyyəçi, təkcə Azərbaycanın deyil, bütün Qafqazın ən görkəmli şəxsiyyətlərindən biri Üzeyir Hacıbəyovun doğum günüdür.
Azərbaycanın sənət tarixində bütün taleyi – dünyaya gəlişindən tutmuş ölümünə, yaradıcılığına qədər bütün ömrü öz ölkəsinin, daha sonra yaşadığı regionun və hətta dünya tarixi ilə bu qədər bağlı, birləşik ikinci şəxsiyyət tapmaq çətindir. On doqquzuncu əsrin sonları, iyiriminci əsrin ortalarına qədər Azərbaycanı cənginə almış bütün siyasi proseslər, regionun müqəddəratını müəyyən edən taleyüklü hadisələr Üzeyir Hacıbəylinin də taleyində öz əksini taparaq, bu böyük şəxsiyyətin həyatının axarını müəyyən edib.
Üzeyir Hacıbəylinin anası Şirin xanımı Şuşa ziyalılarından olan Əbdülhüseyn bəy üçün Qarabağın son şahzadəsi Xurşidbanu Natavan özü bəyənib seçmişdi. Şuşanın yetirdiyi gəlmiş-keçmiş ən heyrətamiz şəxsiyyəti 1885-ci ildə Ağcabədidə, məhz Xuşidbanu Natavanın burdakı mülkündə doğulmuşdu.
Atası Natəvanın mirzəsi olduğu, Xan qızının sevdiyi ailə olduğu üçün, Şuşanın bütün intellektual və sənət məclisləri hələ yeniyetmə ikən Üzeyirin üzünə açılmışdı. Gözəl təhsil ala bilmiş, rus dilini mükəmməl öyrənmişdi. Qori Müəllimlər seminariyasında dünya klassikası, dünya incəsənəti, dünya müasir fikri ilə tanış olmuş və vətəninə qayıtdıqdan sonra uzun müddət pedaqoq kimi faəliyyət göstərmiş, Cəbrayıl qəzasında, Bakıda rus dili, tarix və musiqidən dərs deyərək, xalqının övladlarına təhsil vermişdi. Amma bununla da kifayətlənməyərək, rus-türk, türk-rus dili lüğəti tərtib etmişdi.
Amma onun bioqrafiyasının ən parlaq səhifəsi, Üzeyir bəyi lokal şəxsiyyət olmaqdan çıxarıb, bütün Qafqazın fenomeninə çevirən fəaliyyəti isə, təbii ki, bəstəkarlığı idi. Maraqlıdır ki, cəmi dörd il ərzində yazdığı üç operetta “Ər və arvad”, “O olmasın, bu olsun” və “Arşın mal alan”ı o hələ peşəkar musiqi təhsili almadan yazmış və bu üç operetta bütün Qafqazda, Türkiyə, Bolqarıstan və Çar Rusiasında olmazın şöhrət qazanmışdı.
1913-cü ildə, artıq bütün Qafqazda məşhurlaşmış operettalarından gələn qonorar ona Peterburqa gedib, orda peşəkar bəstəkarlıq təhsili almağa imkan vermişdi. Amma cəmi bir il sonra başlayan Birinci Dünya Müharibəsi Üzeyir bəyin təhsilini yarımçıq qoydu və o yenidən Bakıya qayıtmışdı. 1920-ci ildə, Sovet İttifaqının qurulduğu ilk illərdə bəy nəslindən olan və sinfi düşmən elan edilən böyük bəstəkarı güllələnmənin bir addımlığından Nəriman Nərimanov xilas etmişdi. Onun sənətinin heyranları arasında Stalinin özü belə var idi və diktatorun bu heyranlığı böyük bəstəkarın repressiya illərindən sağ çıxmasına zəmin yaratmışdı.
Məşhur rus şairi Mixail Lermontov Qafqaz mövzusunu öz əsərlərində, məktublarında ən çox əks etdirən ədiblərdən biridir. Lermontov məktublarının birində azərbaycan dilini fransız dili ilə müqayisə edir və deyirdi: “Qafqazda türk dilini bilmək çox vacibdir və burdakı millətlərin çoxu bu dildə danışa bilir. Avropa üçün Fransız dili nədirsə, Qafqaz üçün də burdakı türklərin dili odur”.
Böyük şairin gəldiyi qənaət boşuna deyildi. Çünki on doqquzuncu əsrin sonları, iyirminci əsrin əvvəllərində, Qafqazın mədəniyyət və inzibati beşiyi Tiflis, sənaye və ticarət paytaxtı isə Bakı idi. Neft və ticarətin mərkəzi Bakı olduğu üçün, işgüzar əlaqələr, Avropadan gələn biznes kampaniyaları ilə münasibətlər burda qurulurdu. Buna görə də, azərbaycan dilinin bütün region üçün iqtisadi, ticari vacibliyi vardı və bütün Qafqazda gürcü, erməni, çeçen, kürd və digər millətlərin böyük şəhərlərdə yaşayan qismi bu dildə danışa bilirdi.
Belə beynəlmilli fonda Üzeyir Hacıbəyli kimi bir bəstəkarın bütün Qafqazın fenomeninə çevrilməsi, yazdığı operettaların isə bütün regionda məşhurlaşması olduqca labüd idi. Məhz azərbaycan dilinin o zamankı populyarlığı sayəsində operettalar qısa bir zamanda Qafqazda yaşayan bütün xalqların dillərinə, eyni zamanda rus dilinə çevrilərək, erməni, gürcü, rus teatr truppaları tərəfindən səhnələşdirilməyə başladı. Bəzən qısqanclıqla Üzeyir bəyin adı afişalarda göstərilməsə belə, operettalar Fransaya qədər gedib çıxdı.
Üzeyir Hacıbəyli operettalarının ümumxalq, ümumqafqaz daha sonra isə Avropa çapında məşhurlaşmasının ikinci səbəbi isə bu operettalarda öz sonunu yaşayan feodal dünya ilə yeni, müasir həyat arasındakı dialoqlara yer verilməsi idi. Qori seminariyasında təhsil aldığı illərdə tanış olduğu qabaqcıl dünya mədəniyyəti, oxuduğu dünya ədəbiyyatı Üzeyir bəyin dünya görüşündə mühüm rol oynamışdı. Doğulub böyüdüyü Şuşa əhalisi, uşaqlıq illərinin bir hissəsini keçirdiyi aran rayonlardakı yerli camaat isə onun sadə xalqı yaxından tanımasına şərait yaratmışdı. Məhz bu iki fərqli keyfiyyətin sayəsində, Üzeyir bəy öz əsərlərində, xüsusilə də operettalarında sadə xalqın həyatını, ənənələrini müasir dünyanın tələbləri ilə organik bir şəkildə qarşılaşdıra bilmişdi.
“O olmasın, bu olsun” musiqili komediyasında bu feodal quruluşun simvolu Məşədi İbad və yeni həyatın, elmin, müasirliyin siması olan gimnazist Sərvərin rəqib kimi qarşı-qarşıya qoyulması kimi bir süjet xətti heç də təsadüfi deyildi. Bu operetta, əslində sadə xalq arasında geniş yayılmış süjet xəttinin, “varlı qoca kişi” və “kasıb cavan oğlan” kimi tipik rəqabətin yeni, peşəkarcasına işlənmiş müasir versiyası idi. “Arşın mal alan”da olduğu kimi, burda da köhnə, feodal ənənələr yeni, bəşəri dəyərlərə uduzur, müasirlik köhnəliyə qalib gəlirdi.
Bu, o zaman bütün Qafqaz üçün doğma mövzu idi, çünki o zamanlar Qafqaz xalqlarının hamısı üçün belə ənənələr xarakterik hesab edilirdi. Üzeyir bəyin operettalarına olmazın marağın səbəblərindən biri də bu idi.
Nəhayət, onun operetta və daha sonra əsərlərini bütün region üçün doğma edən başqa bir səbəbi, xalq dilində yayılmış melodiyalardan, mahnılardan öz əsərlərində bol-bol istifadə etməsi olacaqdı. Qarabağdan arana, Tiflisdən Bakıya hər yerdə dinlədiyi xalq melodiyalarını nota köçürüb əbədiləşdirəcək, dövrünün ovqatını ifadə edən xalq mahnılarını öz qəhrəmanlarının ariyalarına çevirərək, zamanın bir parçasını beləcə, peşəkarcasına əsərlərinə həkk edəcəkdi. Məsələn, “Leyli və Məcnun” operasında Leyli və İbn Salam arasındakı duetin melodiyasını Üzeyir Şuşada olanda qırçılardan eşidib, yadda saxlayıb və operanı yazarkən tempini aşağı salaraq, bu dueti yaradıb. Onun yaradıcılığında belə hallar onlarladır. Bu baxımdan, Üzeyir Hacıbəylinin əsərlərini təkcə musiqi və ya sənət faktı kimi deyil, eyni zamanda tarixin bir parçasının əhval-ruhiyyəsini, ovqatını bizə yaşadan, hiss etdirən, bədii-informativ faktor kimi də qəbul etmək vacibdir.
Bütün yaradıcılığı boyu Üzeyir Hacıbəylinin əsas xətlərindən biri bu müasirləşdirmə, sənədləşdirmə ideyası olub. Felyetonlarında, publisistikasında quruluşu və dəyərləri yenidən gözdən keçirib, muğam sənətini notlara köçürərək, şifahidən yazılı səviyyəyə adladıb və bununla da muğam sənətinin dünyaya çıxmasına yol açıb. Digər tərəfdən isə Üzeyir bəy böyük bir maarifçilik prosesinə təkan verib, şəxsi vəsaitini, maaşını əsirgəməyərək, öz xalqının gənclərinə musiqi təhsil alsınlar deyə, yardım edib.
Üzeyir bəy bütün yaradıcılığında olduğu kimi, həyatında da olduqca müasir, yenilikçi şəxsiyyət kimi tanınıb. Oxuduğu dünya ədəbiyyatından, avropalı fikir və sənət adamlarının bioqrafiyalarından, vərdişlərindən təsirlənib. Böyük fransız yazıçısı Viktor Hüqo bazar günləri öz evində şəhərin kasıb insanları üçün nahar təşkil edib, onlarla birlikdə yemək yediyi kimi, Üzeyir bəy də bazar günləri öz evində kasıb tələbələri üçün “plov günləri” təşkil edərək, onları öz evinə, öz masasının başına toplayıb, onlarla birlikdə yemək yeyib.
Əgər biz Üzeyir bəyin bütün yaradıcılığını bir cümlə ilə ifadə etməyə cəhd etsək, ən uyğun ifadələrdən biri belə ola bilərdi: “Xalqının mədəniyyətini dünyaya birləşdirən şəxsiyyət.”
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının
Beynəlxalq əlaqələr şöbəsinin müdiri Aybəniz İsmayılova