AMB uçot dərəcəsini 6,5%-ə endirdi

İQTİSADİYYAT
19:11 / 18.09.2020
958

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 6,75%-dən 6,5%-ə endirilməsi haqqında qərar qəbul edib. Faiz dəhlizinin aşağı həddi 6%, faiz dəhlizinin yuxarı həddi isə 7% səviyyəsində müəyyən edilib.

HİT.Az-ın AMB-ə istinadən verdiyi məlumata görə, bu qərar inflyasiyanı hədəf çərçivəsində saxlamaqla (4±2%) məcmu tələbin dəstəklənməsinə və bununla da bərpa prosesinin sürətləndirilməsinə yönəldilib. Uçot dərəcəsinin qəbul olunan səviyyəsi qısa və ortamüddətli dövrdə inflyasiya proseslərinin dinamikasını nəzarətdə saxlamağa imkan verir.

Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar qısa və ortamüddətli perspektivdə inflyasiya üzrə risk balansından, faktiki inflyasiyanın hərəkət trayektoriyasından, beynəlxalq konyunkturdan və valyuta bazarındakı vəziyyətdən asılı olaraq qəbul ediləcək.

0