“Uşaqlar üçün verilən müavinətin bərpası (“uşaq pulu”) məsələsi aktual deyil”.
Bunu Cebhe.info-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “uşaq pulu”nun bərpası gözləntisindən danışarkən deyib:
“Bu gün “uşaq pulu”nun bərası ilə bağlı məsələ aktual deyil. Bu məsələni aktuallaşdırmağın əhəmiyyəti yoxdur. Çünki hələ pandemiya nə qədər davam edəcək, büdcəmizin vəziyyəti necə olacaq bilmirik. Bu, böyük vəsait tələb edəcək bir məsələdir. Bütün dünya böhran içindədir və maliyyə problemləri var. Ona görə də o məsələ gündəmdə deyil”.
Xatırladaq ki, 2006-cı il iyunun 1-dən Azərbaycanda "uşaq pulu" verilmir. 2006-cı il 1 yanvar tarixinədək Azərbaycanda ailədə adambaşına düşən orta aylıq gəlirin 16500 manatdan (3.3 AZN) az olduğu hallarda uşaq doğulduğu aydan başlayaraq 16 yaşa çatanadək (təqaüd almayan məktəblilər 18 yaşınadək) aylıq 9000 manat (1.8 AZN) məbləğində müavinət verilirdi. Həmin dövrdə bu qərar uşaqlar üçün verilən pulun məbləğinin az olması ilə əsaslandırılıb və dövlətin ünvanlı sosial yardıma üstünlük verdiyi açıqlanıb.