Boş qalan evlər, paytaxta axın - Kirayə mənzil bazarını hansı aqibət gözləyir?

İQTİSADİYYAT
18:49 / 21.09.2020
1018

Koronavirus pandemiyasının təsirsiz ötüşmədiyi sahələrdən biri də daşınmaz əmlak bazarıdır. Evlərin alqı-satqısı ilə yanaşı, mənzillərin kirayəsində də müəyyən dəyişikliklərin müşahidə edilməsi aktual olan məsələlərdəndir. Bu gün paytaxtda kifayət qədər kirayə mənzillər var və bu mənzillərin bir qismi adətən məhz Bakıya təhsil almağa gələn tələbələr, bölgələrdən işləməyə gələnlər tərəfindən kirayələnir. Lakin pandemiya ilə bağlı mart ayından başlayaraq karantin rejiminin tətbiqi nəticəsində ali məktəblərdə təhsil alan tələbələrin bir qismi tədricən öz evlərinə - bölgələrə qayıtmağa başladı. Artıq yeni tədris ili başlayıb və hazırda tələbələr distant yolla təhsillərini davam etdirirlər. Lakin oktyabrın 1-dən 1-ci kurs tələbələri ali məktəblərə gələ biləcəklər, 15 oktyabr tarixindən isə bəzi ixtisaslar üzrə tədris başlayacaq.

Beləliklə, tədricən tələbələrin paytaxta gəlməsi mənzil kirayəsinə ehiyacı artırır. Bu da bir faktdır ki, tələbələr adətən metrolara yaxın yerlərdə qalmağa üstünlük versələr də, ucuz evləri "Xalqlar Dostluğu", "Həzi Aslanov" və "Əhmədli" stansiyaları yaxınlığında tapırlar. Ümumilikdə isə bina evlərindən fərqli olaraq ucuz qiymətə həyət evlərinə daha çox rast gəlmək mümkündür. Hazırkı mövcud bahalaşma isə mövsümi xarakter daşıyır, yəni karantin davam edərsə və tələbələr oktyabr ayının birinci yarısında kirayə mənzilləri tutarsa, tələb azalacaq. Kirayə mənzil bazarında mövcud vəziyyətlə bağlı ekspertlərin fikirləri müxtəlifdir.

"Pandemiya ilə əlaqədar olaraq mart ayından etibarən təhsil müəssisələri bağlandı, sonra isə rayon qeydiyyatında olanların şəhərə gələ bilməməsi kimi problemlər mənzil bazarında ciddi boşluq yaratdı".

Bunu Publika.az-a açıqlamasında daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirib.

O qeyd edib ki, əksər kirayə evlər boş qalıb: "Avqust ayından karatinlə bağlı yumşalmalar olduqdan sonra paytaxtda işləyən adamlar artıq gələ bildilər. Hələ ki, tələbələrin qlobal şəkildə ev axtarması müşahidə olunmur. Ancaq şəhərə gələndən sonra problemlər olacaq. Çünki avqust ayının sonunda ucuz mənzillər vardı, hansı ki, qiyməti 200-400 manat olan mənzillərin əksəriyyəti digər şəxslər tərəfindən tutuldu. Bundan əvvəlki illərə baxsaq, tələbələr əsasən Yasamal rayonu ərazisini seçirlər, çünki ali məktəblərin bir qismi bu ərazidədir. Tələbələr adətən maddi baxımdan ucuz qiymətə, 100-150 manatlıq həyət evlərinə üstünlük verirdilər və "Sovetski" də artıq sökülüb. Həmçinin pilot layihələr başlayıb, köhnə evlər sökülərək yenilənir, həmin sökülən evlərdə yaşayanlar özləri müvəqqəti olaraq kirayə mənzillərdə yaşamalı olurlar. Yeni binalar həm təmir baxımından yenidir, həm də kvadratı böyük olduğuna görə artıq köhnə mənzil qiymətlərində deyil. Məsələn, köhnə beşmərtəbədə bir otaqlı mənzil 250-300 manata idisə, yeni tikili binada 500 manat civarındadır. Tələbələr gəldikdən sonra kirayə mənzil bazarında vəziyyət ürəkaçan olmayacaq".

Ekspert bildirib ki, tələbə yataqxanalarında yaşayanlar çox cüzi rəqəm təşkil edir: "Tələbə yataqxanaları hələ sovet dövründən var idi, lakin müharibə başlayandan sonra orada məcburi köçkünlər məskunlaşdılar. İndi mərhələli şəkildə məcburi köçkünlərə dövlət tərəfindən evlər verilir. Lakin həmin yataqxanalar yaşamaq üçün təhlükəlidir və istimar müddəti başa çatıb. Həmin ərazilərdə tələbə yataqxanaları tikilərsə, bu, həm tələbələr üçün ürəkaçan olar, qiyməti ucuz olar, eyni zamanda, həmin universitetin nəzdində tikilirsə, təhsil müəssisəsi üçün çox böyük gəlir mənbəyidir. Xarici ölkə praktikasına baxsaq, istənilən universitetlərin özlərinin ödənişli yataqxanası var. Bizdə bu sahə hələ inkişaf etməyib. Yataqxanaların sayı tələbələrin sayının 5 faizini ödəmir".

Ümumilikdə isə ucuzlaşmanın mart-iyul aylarında olduğunu vurğulayan ekspert deyib: "Hansı ki, tələbələr də yox idi, karantinlə bağlı iş yerləri bağlandığına görə həmin vaxt evlərin çoxu boş qaldı və qiymətlərdə 10-15 faiz enmə oldu. İndi yeni tikili binalarda qiymətlər bahadır, mərkəzə doğru hətta çox bahadır, 1000-2000 manata qədər dəyişir. Orada xarici iş adamları, xarici tələbələr qalırdılar və onlar da pandemiya ilə bağlı öz ölkələrinə döndülər, həmin bahalı evlərin 90 faizi boş vəziyyətdə qaldı. O evlərdən gündəlik evlər kimi istifadə edirdilər. Xarici turistlər gələndə, məsələn, böyük ərəb ailələri hoteldə yerləşmək üçün 500 manat ödəyirdilərsə, həmin evləri 200 manata kirayələyirdilər. Ona görə də tələbat çox idi. Ancaq hazırda həmin bahalı evlərlə bağlı bazar çöküb".

"MBA" konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru, daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov isə bildirib ki, ümumilikdə hər il bu aylarda qiymət artır: "Belə ki, qiymətlər 8-12 faiz artır, 6-7 faiz azalır. İl ərzində 2-4 faiz artım müşahidə edilir. Bir otaqlı mənzillərin orta qiyməti 391 manat təşkil edib, burada ay ərzində artım 1,3 faiz təşkil edib. İki otaqlı evlərdə kirayə haqqı 576 manat olub, 5,88 faiz artım olub. Üç və daha artıq otaqlı evlərdə isə azalma 2,46 faiz olub. Bu mövsümi aylar tələbə kontingenti üçündür. Burada da əsas qiymət təzyiqini 1,2 otaqlı mənzillər yaradır. Digər otaqlı mənzillərdə isə aktivlik əvvəlki səviyyədədir. Tikilən tələbə yataqxanaları da mövcud tələbi ödəmir. Ona görə də yaxın bir neçə ildə qiymətlərdə artım ehtimalı var".

 

0
Publika.az