Bir neçə gün öncə sosial mediada Prezidentin keçmiş köməkçisi Əli Həsənovun Birləşmiş Ərəb Əmirliklərinin ən böyük şəhəri olan Dubayda görüntüləndiyi bildirilmişdi.
HİT.Az-ın Dominant.az-a istinadən məlumatına görə, Əli Həsənov Əbu-Dabidə yerləşən “Klivlend” xəstəxanasında müalicə olunur.
Mənbənin bildirdiyinə görə, Əli Həsənov müalicə olunsa da, qeyri-müəyyən səbəblərdən xəstəxanada yatmır. Müalicə prosesini aldıqdan sonra xəstəxanadan çıxır, qeyri-müəyyən yerdə gecələyir.
Səhhətinin kritik olduğu deyilən Əli Həsənovun müalicə prosesinin necə nəticələnəcəyi isə məlum deyil.
Qeyd edək ki, bir neçə il öncə açıq ürək əməliyyatı keçirən Əli Həsənovun ürəyində yenidən problemlər yaranıb. Özü mediaya açıqlamasında bildirib ki, həm ürəyində, həm də boyun damarlarında ciddi problem aşkarlanıb.
Xatırladaq ki, Ə.Həsənovun bir neçə gün öncə Dubayın ən bahalı çimərlik istirahət mərkəzlərindən olan W oteldə səhər yeməyi zamanı görüntüləndiyi qeyd edilmişdi.