Qabil Hüseynli: “Elmlər Akademiyası ölkənin sürətli inkişafı ilə ayaqlaşır, ya yox, bu sual açıq qalır”
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin nəvəsinin toy mərasimindən sonra başlanmış məlum qalmaqaldan bir ay ötdü. Bu müddət ərzində Ramiz Mehdiyevin kürəkəni karantin rejimi qaydalarını pozduğu üçün 15 günlük həbs edildi. Akademikə qarşı mediada, sosial şəbəkədə ittihamlar, onun özünün cəzalandırılması üçün çağırışlar edildi. Hətta hakimiyyət deputatları belə, Ramiz Mehdiyevin bilərəkdən karantin qaydalarını pozmaqla dövlətə, hakimiyyətə meydan oxuduğunu bəyan elədilər. Akademik də bütün bunların qarşısında susmadı. Rəhbərlik etdiyi Milli Elmlər Akademiyasının saytında geniş yazılar yazdı. Yazdığı hər 4 məqaləsində Mehdiyev sərt mövqe ortaya qoydu, ona qarşı çıxış eləyənlərə meydan oxudu və hətta təhdid də eləməkdən çəkinmədi.
Beləliklə, bir aya yaxın Ramiz Mehdiyev mövzusu ölkə gündəminin əsas mövzularından biri oldu. Nəhayət, ötən həftə Prezidentin köməkçisi Anar Ələkbərov sentyabrın 17-də Azərbaycan Milli Elmlər Akademiyasının Nəqliyyat-Təsərrüfat və Təmir-Tikinti şöbələrinin ərazisində aparılmış təmir və yenidənqurma işləri ilə tanış olmaq üçün sözügedən ünvana gəldi. AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev son aylarda akademiyada aparılan islahatlar və görülən işlər bərədə Anar Ələkbərova ətraflı məlumat verdi.
Ölkə Prezidentinin köməkçisinin bu gedişi sosial şəbəkələrdə və bəzi saytlarda hakimiyyətlə Ramiz Mehdiyev arasında münasibətlərin düzəldiyi, yoxsa bu gedişin əslində fərqli mənasının olduğu barədə şərhləri meydana gətirdi. Əksər siyasi ekspertlər hadisəni belə şərh etdilər ki, əslində hakimiyyət bu addımla Ramiz Mehdiyevə “artıq bizim üçün qarşımızda hesabat verən sıradan bir məmursunuz” mesajını verib. Maraqlıdır ki, məhz ötən həftədən Ramiz Mehdiyev mövzusu sanki qapanıb. Lakin hər bir halda bu bir ayda məlum qalmaqal və ondan sonra yaşananlar Azərbaycan siyasətini, müəyyən qrupların münasibətlərini, hakim düşərgədəki durumun gerçəklərini üzə çıxardı. İdarəetmədə fərqli vəziyyətin yarandığı, yeni komandanın hakimi-mütləq olduğu sübut edildi. Və Ramiz Mehdiyevin 4 hücumu (açıqlamaları) durumu onun xeyrinə dəyişmək gücündə olmadı. Anar Ələkbərovun AMEA-ya getməsi isə Mehdiyevə son zərbə kimi qiymətləndirildi. O, ayaq üstə hesabat verdi.
Bununla da Mehdiyevlə bağlı prosesin artıq tamamən qapandığını söyləmək olarmı?
Politoloq Qabil Hüseynli bildirdi ki, prosesin polemika və mübahisələr mərhələsini müəyyən qədər qapanmış hesab etmək olar: “Polemikalar dövrü arxa plana keçir. Bundan sonra Ramiz Mehdiyev polemikaya, söz savaşı aparmağa cəhd etsə də anlamı və təsiri olmayacaq. Çünki Ramiz Mehdiyevə bundan sonra hansı işlə məşğul olmalı olduğunun mesajı Anar Ələkbərovun akademiyaya gəlişi ilə verilib. Vaxt var idi, odlu-alovlu danışırdısa, artıq bu tempdə davam etməsi üçün potensialı və resursu yox dərəcəsindədir. Onun kimlərisə hədələməsi də elə bir əhəmiyyətə malik olmadı. Kimlərisə hədələməyin onun üçün heç bir xeyrinin olmayacağını, hər halda, Mehdiyev görmüş oldu. Odur ki, ideal variant bundan sonra susması və hədə taktikasından əl çəkməsidir, ona tapşırılan sahənin işləri ilə məşğul olmasıdır. Azərbaycan Milli Elmlər Akademiyası ölkənin mühüm sahəsidir. Buraya rəhbərlik edən şəxs də bir məmurdur. Eyni zamanda həmin struktura görə çəkili məmurdur. Amma bu, həmin məmura siyasi fəaliyyətlə açıq və ya gizli məşğul olmaq imkanı yaratmır. Çünki o təsisat və vəzifə siyasətlə məşğul olan subyekt deyil, elmlə məşğul olan bir nömrəli subyektdir. Ona görə də o vəzifədə oturmaq orada oturana dövlətə, hakimiyyətə meydan oxumaq hüququ vermir”.
Politoloq qeyd etdi ki, bu gün elmə innovasiyalar, yeni kəşflər gətirmək zərurəti yaranıb. Elm sahəsində Elmlər Akademiyası bir nömrəli mərkəzdir. Ona görə bu mərkəz elmdə yeniliklərin, innovasiyaların carçısı mərkəzi olmalıdır: “Dünya elmində baş verən yeniliklərin vaxtında burada tətbiq edilməsi və burada yeni ixtiralar etmək bacarığı tələb olunur. Bu sarıdan Elmlər Akedimiyasının həddən çox görməli işləri var. Elmi təşkilatçılıqda bacarığı olan və müasir elmə yiyələnmiş kadrlara ehtiyac var. Çünki dünya artıq daha çox elmlə saxlanır, o xalqlar irəli gedir ki, elmi inkişaf edir.
Elmlər Akademiyasının fəaliyyəti və zamanla nə dərəcədə ayaqlaşması ilə bağlı məsələləri isə hələ bitmiş hesab etmək olmaz. Bu qurumun Azərbaycanın kənd təsərrüfatı, hərbi sənaye, yüngül və ağır sənayesinə və digər mühüm sahələrə elmi töhfələr verməsi və bunun sanbalı məsələsi gündəm məsələsi kimi qalır. Buna görə də “Azərbaycan Milli Elmlər Akademiyası hələ ölkənin sürətli inkişafı ilə ayaqlaşır, yoxsa ayaqlaşmır” sualı da açıq qalır. Yəqin ki, bir müddət keçdikdən sonra Akademiyanın rəhbəri bu suala cavab verməli olacaq".