Dövlət başçımızın yerli televiziyalara verdiyi müsahibəsi böyük rezonans doğurdu. Bu müsahibədə yeni dünya birliyinin bir çox ölkələrinə də mesajlar idi.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Fikrət Sadıqov Prezident İlham Əliyevin sentyabrın 19-da “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində yerli televiziyalara verdiyi müsahibədə səsləndirdiyi fikirləri şərh edərkən deyib.
“Bu mesajlarda Azərbaycan torpaqlarının azad olunmadığı təqdirdə bizim gözləmə vəziyyətində olmayacağımız açıq şəkildə bildirildi. Cənab Prezident, həmçinin Tovuz hadisələri zamanı bizim Ermənistan ərazisinə müdaxilə imkanlarımızın olduğunu, lakin bunu etmədiyimizi xatırlatdı. Amma Prezident həm də qeyd etdi ki, əgər Ermənistan beynəlxalq hüquq normalarını belə kobud şəkildə pozmağa davam edərsə, bizim də əlimiz-qolumuz açılacaq və biz də bunu edə bilərik” , - politoloq bildirib.
F.Sadıqovun sözlərinə görə, belə mesajlar Ermənistanın avantürist, aqressiv siyasətdən əl çəkməyəcəyi təqdirdə onun aqibətinin çox acınacaqlı olacağını göstərir:
“Ermənistan torpaqları işğalda saxladığı azmış kimi şərtər də qoyur. Bizim isə sadəcə bir şərtimiz var: erməni ordusu işğal olunmuş torpaqlarımızdan çıxmalıdır! Bu bizim real, konkret, açıq və prinsipial mövqeyimizdir” .