Məktəblərdə şagirdlər koronavirus testindən keçirilmir? – AÇIQLAMA

ÖLKƏ
21:58 / 22.09.2020
1106

Quba rayonu Qamqam kənd orta məktəbində 8 müəllimin virusa yoluxması səbəbilə əyani formada tədris dayandırılıb və distant formaya keçid edilib.

Bu barədə Təhsil Nazirliyindən Qazet.az-a daxil olan məlumatda bildirilir.

Müəllimlər arasında kütləvi yoluxmanın səbəbi olaraq sosial məsafənin qorunmaması və şəxsi gigiyena vasitələrindən istifadə edilməməsi ehtimal olunur.

Şagird və müəllimlərin vəziyyəti ilə bağlı Quba Rayon Təhsil Şöbəsi ilə əlaqə saxladıq. Təhsil şöbəsinin müdiri Rüfət Hacıyev Qazet.az-a açıqlamasında bildirdi ki, məktəbdə 443 şagird təhsil alır və bunlardan da 168 nəfər ibtidai sinif şagirdləridir.

Maraqlı məqam isə pedaqoqların koronavirus testindən keçirilməsinə baxmayaraq şagirdlərin testdən keçirilməməsidir.

“Şagirdlər distant təhsillərini evlərindən davam etdirirlər. Müvəqqəti olaraq tədris dayandırılıb. Ola bilər ki, yaxın günlərdə əyani formada tədris bərpa edilsin. İbtidai sinif müəllimlərinin testlərinin nəticələrini gözləyirik. Sabaha bilinəcək. 8 müəllimdə virus aşkarlanıb. Digər müəllimlərin də testlərinin nəticələri müsbət olarsa, təhsil dayandırıla bilər. Neqativ olarsa, bərpa ediləcək. Şagirdlərin testdən keçirilməsi pandemiyanın tələblərinə uyğun olaraq məqsədəuyğun deyil. 12 yaşa qədər şagirdlər tibbi maska taxmadan belə tədrisə cəlb oluna bilirlər”, – deyə Rüfət Hacıyev bildirib.

0