XİN-in həbsdəki sabiq idarə rəisi ev dustaqlığına BURAXILDI (Yenilənib)

ÖLKƏ
11:46 / 23.09.2020
1024

Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilən Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Faiq Bağırov ev dustaqlığına buraxılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, onun vəkili Bəylər Məmişov müvəkkilinin barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi haqda vəsatət verib.

Səbail rayon məhkəməsinin hakimi Azər Tağıyev öncə prosesi təxirə salsa da, sonradan vəsatət təmin edilib və Faiq Bağırov ev dustaqlığına buraxılıb.

F.Bağırov külli miqdarda rüşvət almaqda ittiham edilir.

***

Faiq Bağırovun vəsatətinə yaxın günlərdə baxılacaq, Xəyyam Mirzəzadənin oğlu Protokol İdarəsindən çıxarıldı və xüsusi tapşırıqlar üzrə səfir təyin olundu

Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsinin sabiq rəisi Faiq Bağırov barəsində seçilən həbs-qətimkan tədbirinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verib.

Vəsatətə Səbayel Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Faiq Bağırov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən iyulun 10-da saxlanılıb. Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumatda bildirilirdi ki, Faiq Bağırov Konsulluq məsələləri və sənədlərin təsdiqi şöbəsinin üçüncü katibi İlqar Əliyev, Konsulluq hüquq şöbəsinin müdiri Nurupaşa Abdullayev və tabeliyində işləmiş digər şəxslər vasitəsilə viza proseduru üzrə çoxsaylı xarici ölkə vətəndaşlarının adlarına Azərbaycana dəvət edən tərəfin vəsatətlərinin qısa müddətdə təsdiqi ilə bağlı rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Faiq Bağırov Azərbaycan və xarici ölkə vətəndaşlarının təqdim etdikləri rəsmi sənədlərə şəhadətnamənin (apostilin) verilməsi, sənədlərin konsul leqallaşdırılmasının, eləcə də onun prosedurlarının tezləşdirilməsinin təmin edilməsi üçün əvvəlcədən müəyyən etdiyi konkret məbləğlərdə pul vəsaitlərinin müntəzəm surətdə rüşvət olaraq alınmasında şübhəli bilinir.

Onun barəsində Səbayel Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. “Yeni Müsavat” xəbər verir ki, Konsulluq İdarəsinin sabiq rəhbəri F.Bağırov diplomatik korpusda tanınmış şəxsdir. O, 1962-ci il noyabrın 13-də Bakıda anadan olub. 1982-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib. 1983-cü ildə Sovet İttifaqında hərbi tərcüməçi, 1984-1986-cı illərdə isə baş hərbi tərcüməçi kimi çalışıb. 1986-1988-ci illərdə Bakıda Xarici Tələbələr Şurasında mütəxəssis olub.

Müstəqil Azərbaycanın diplomatik nazirliyində isə 1992-ci ildən işləyir. Xarici İşlər Nazirliyinin Dövlət Protokol İdarəsinin 1-ci katibi, şöbə müdiri, idarə rəisinin müavini olub.

1998-2010-cu illərdə Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi işləyib. 2002-ci ilin yanvarında prezidentin fərmanı ilə ona fövqəladə və səlahiyyətli səfir dərəcəsi verilib. Bundan sonra Azərbaycanın Misirdəki fövqəladə və səlahiyyətli səfiri və Ərəb Dövlətləri Liqası yanında daimi müşahidəçisi vəzifələrini icra edib.

2010-cu ildə isə Azərbaycanın Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. 2017-ci ilin sentyabrında Prezident onun səfir vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

2018-ci ilin martına kimi sərəncamda qalıb və yalnız bundan sonra 12 il işlədiyi keçmiş işinə qayıdıb-yenidən nazirliyin Konsulluq İdarəsinin rəisi təyin olunub.

Qeyd edək ki, Konsulluq İdarəsi sabiq nazir müavini Nadir Hüseynovun kurasiyasında olub. Nazirliyin İşlər İdarəsinin müdiri, Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər İdarəsinin təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə isə başqa bir nazir müavini-Ramiz Həsənovun kurasiya etdiyi idarənin rəhbər işçiləri idi. Sentyabrın 3-də  İlham Əliyevin sərəncamı ilə vəzifədən azad olunan Nadir Hüseynov vəzifəsindən çıxarılıb və xüsusi tapşırıqlar üzrə səfir təyin edilib. Xatırladaq ki, N. Hüseynov 2010-cu ildən nazir müavini vəzifəsində çalışırdı.

Qeyd edək ki, prezident İlham Əliyev iyulun 16-da Ceyhun Bayramovu xarici işlər naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən “İlk növbədə, nazirlik sistemində vəziyyət sağlamlaşdırılmalıdır. Kadr siyasətində şəxsi tanışlıq, rəğbət, dostluq əlaqələri yox, peşəkarlıq, vətənpərvərlik və milli dəyərlər əsas olmalıdır. Peşəkar, Vətənə bağlı olan, bilikli və Azərbaycanın maraqlarını layiqincə müdafiə edə bilən kadrlar önə çəkilməlidir”- deyə, bildirib.

0