Bakı Nəqliyyat Agentliyi tərəfindən avtobuslar üçün xüsusi zolaqların yaradılması ilə bağlı müraciətə Baş Dövlət Yol Polisi İdarəsində baxılıb. Belə ki, BNA iyunun 19-da 21 küçə və prospektdə xüsusi zolağın tətbiqi ilə bağlı aidiyyəti qurumlar tərəfindən münasibətin bildirilməsi üçün Nazirlər Kabinetinə müraciət ünvanlamışdı. Sözügedən küçə və prospektlərə Ziya Bünyadov, Tbilisi, Moskva, Atatürk, Qara Qarayev, Gəncə, Azadlıq, Mikayıl Useynov prospektləri, Şıxəli Qurbanov, Zivərbəy Əhmədbəyov, Cəfər Cabbarlı, Abbas Mirzə Şərifzadə, Müzəffər Həsənov, Əhməd Rəcəbli, Fətəli xan Xoyski, Ak.Həsən Əliyev, Məhəmməd Hadi, 28 May, Ak.Zərifə Əliyeva, Binəqədi şossesi, Rəşid Behbudov küçələri daxildir.
Baş Dövlət Yol Polisinin apardığı müayinələrə əsasən Ak.H.Əliyev küçəsi ilə Tbilisi prospekti arasında olan hissə, Binəqədi şossesinin M.Ə.Rəsulzadə (keçmiş Kirov) qəsəbəsindən keçən hissəsi, Moskva prospektinin hərəkət hissəsinin daraldığı ərazilər, Azadlıq prospektinin köməkçi yolu (C.Xəndan və S.S.Axundov küçələrinin arasında) istisna olmaqla digər sahələrdə ictimai nəaliyyat üçün xüsusi zolaqların təşkili məqbul hesab edilib.
“MediaPost”un əldə etdiyi məlumata görə, bu barədə Baş Dövlət Yol Polisinin “İnsan yönümlü şəhər” bloqunun təsisçisi Anar Əliyevin sorğusuna rəsmi cavabında qeyd edilib.
Yaradılmış xüsusi zolaqlarda nəqliyyat vasitələrini parklayan sürücülərə qarşı BNA və Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsinə əsasən davamlı şəkildə müvafiq tədbirlər həyata keçirilir.
Qeyd edək ki, Bakı küçələrinin nəqliyyat məsələlərində BNA və Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) koordinasiyalı şəkildə çalışır və adətən razılaşma əldə olunduqdan sonra hər hansı bir layihənin icrasına başlanılır. Bu baxımdan, xüsusi avtobus zolaqlarının yaradılması ilə bağlı Baş Dövlət Yol Polisinin razılığının ardından BNA-nın icra prosesinə başlayacağı gözlənilir.