“Qüdrət Həsənquliyev məmur olsaydı, Prezident onu vəzifəsindən azad edərdi” - Hikmət Hacıyev

ÖLKƏ
14:57 / 23.09.2020
1281

"Azərbaycan ordusu heç vaxt qadınlarla və ümumiyyətlə, mülki şəxslərlə döyüş aparmayıb".  

HİT.Az xəbər verir ki, bu sözləri Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Report"a müsahibəsində deyib.

O bildirib ki, Azərbaycan Silahlı Qüvvələri beynəlxalq humanitar hüquq, xüsusilə Cenevrə Konvensiyalarını daim öz fəaliyyətində rəhbər tutub:

"Qadın, uşaq və yaşlı insanlara qarşı müharibə aparan və onları hədəfə alan məhz Ermənistan silahlı qüvvələridir. 2016-cı ilin aprel döyüşlərində, bu il 12 iyulda Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində baş vermiş toqquşma zamanı biz bir daha bunun şahidi olduq. Ermənistan silahlı qüvvələri tərəfindən yaşayış məntəqələrinin hədəfli şəkildə artilleriya atəşinə tutulması nəticəsində 76 yaşlı vətəndaşımız Əziz Əzizov həlak oldu.

Qüdrət Həsənquliyev təcrübəli siyasətçidir. Uzun illərdir Milli Məclisin üzvüdür. Hər kəs orduya və dövlətə ləkə yaxa biləcək təxribatçı açıqlamalardan çəkinməlidir.

Qüdrət Həsənquliyev dövlət məmuru olsaydı, Prezident tərəfindən cəzalandırılaraq vəzifəsindən azad edilərdi.

Ümid edirik ki, hakimiyyətin qanunverici qanadı olan Milli Məclis tərəfindən qanunda təsbit olunmuş qaydada müvafiq tədbirlər görüləcək".

0