Pandemiya, neftin qiyməti, büdcə problemləri fonunda uşaqpulu... (EKSPERT)

ÖLKƏ
18:23 / 23.09.2020
692

"Pandemiya, neftin qiymətinin enməsi və büdcə problemlərinə istinad edərək bu məsələləri gündəmdən çıxarmaq doğru deyil”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, uşaq pulu ilə bağlı məsələ neçə aydır ki, müzakirədədir:

"Bunun bir formulu tapılmalıdır. İlk növbədə aztəminatlı, ehtiyacı olan ailələrə uşaqpulunun ayrılmasının kriteriyaları müəyyənləşməlidir. Parlament ya da Nazirlər Kabinetinin qərarı ilə bu məsələ həllini tapmalıdır. Nazirlər Kabineti mexanizmi hazırlamalı, parlament isə büdcədən vəsait ayırmalıdır. Azərbaycanda yaşayan ailələrin say tərkibinə baxılsa, 18 yaşına kimi insanların sayı 2 milyondan çoxdur. İndiki şəraitdə birdən-birə hamıya eyni vəsaitin verilməsi büdcə üçün əlavə yük yarada bilər. Amma bu o demək deyil ki, bunun formulunun tapılmasına imkan yoxdur. İmkanlar var”.

Natiq Cəfərli ilkin olaraq kimlərə vəsaitin ayrılmasına da aydınlıq gətirib:

"Heç kim demir ki, hamıya eyni vəsaitin verilməsi birinci gündən həllini tapmalıdır. İlkin olaraq daha çox ehtiyacı olanlara vəsaitin ayrılması daha doğru olardı. Sonrakı mərhələlərdə isə çoxuşaqlı, sosial vəziyyəti ağır olan ailələrə vəsaitin ayrılması mümkündür. Biz dəfələrlə bunu müzakirə etmişik və bildirmişik ki, bunun formulunun tapılması çətin deyil. Dövlətin əlində kifayət qədər məlumat bazası var. Bu məlumat bazasına əsaslanaraq ehtiyacı olan ailələrin siyahısını hazırlamaq olar. Pandemiya, neftin qiymətinin enməsi və büdcə problemlərinə istinad edərək bu məsələləri gündəmdən çıxarmaq doğru deyil”.

 

0