DİM-dən tələbə adı qazananlara xəbərdarlıq: Vaxtında qeydiyyatdan keçməsəniz...

ÖLKƏ
09:47 / 24.09.2020
1055

Dövlət İmtahan Mərkəzi (DİM) 2020/2021-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib.

Abituriyentlər (həmçinin subbakalavrlar) müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni və ya elektron ixtisas seçimi ərizəsindəki “7 rəqəmli kod”u 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

HİT.Az-ın məlumatına görə, DİM tələbə adı qazanmış şəxslərə xatırladıb ki, 2020-ci il sentyabrın 25-dən oktyabrın 7-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Abituriyentlərin qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı ali təhsil müəssisələri tərəfindən onlayn qaydada həyata keçirilir.

Abituriyentlər ali təhsil müəssisələrinin internet saytlarının müvafiq bölmələrinə daxil olmaqla, qeydiyyat üçün tələb olunan sənədlər və onlayn qeydiyyat forması ilə tanış ola biləcəklər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Ali təhsil müəssisələrinin müsabiqəsində 66464 nəfər iştirak edib. Onlardan 42731  nəfəri (o cümlədən 5785 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 20799  (o cümlədən 779 subbakalavr)  nəfər dövlət sifarişi əsasında, 21932  (o cümlədən 5006 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

0