COVİD-19 pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə metronun fəaliyyətinin məhdudlaşdırılması, bildiyiniz kimi, ekspress xətlərin bərpası zərurətini ortaya çıxarmışdı. Sentyabrın 14-dən etibarən metronun yenidən fəaliyyətinin bərpa edilməsi ekspress marşrut xətlərinin ləğvi məsələsini yenidən gündəmə gətirdi.
Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayevin həmin gün (14 sentyabr) məsələyə belə münasibət bildirmişdi: "Sərnişin axınında azalma müşahidə olunarsa, bu xətlərin fəaliyyəti dayandırılacaq".
Artıq metronun yenidən fəaliyyətə başlamasından 10 gün keçir. BNA-nın sözügedən xətlərin ləğv edilib-edilməməsi ilə bağlı monitorinqləri üçün kifayət qədər müddət ötüb.
Milli.Az ekspress avtobusların ləğvi məsələsinə aydınlıq gətirmək üçün yenidən BNA sözçüsü Mais Ağayevlə əlaqə saxlayıb. Mətbuat xidmətinin rəhbəri ekspress xətlərin ləğvinin yaxın günlər üçün gözlənilmədiyini bildirib:
"Hazırda bildiyiniz kimi ekspress xətlər fəaliyyət göstərir. Mövcud epidemioloji vəziyyət nəzərə alınaraq və vətəndaşlardan daxil olan müraciətə əsasən, hələ bu xətlərin işləməsi məqbul hesab olunur. Hələlik ekspress avtobusların bağlanması məsələsi gündəmdə deyil. Bu barədə əvvələcədən məlumat veriləcək".