Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Əli Həsənova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
HİT.Az xəbər verir ki, Əli Pənah oğlu Həsənov 1937-ci il dekabr ayının 31-də Beyləqan rayonunda anadan olub. 1957-ci ildə orta məktəbi qızıl medalla bitirərək K.Marks adına Xalq Təsərrüfatı İnstitutuna daxil olub.
1962-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirib və kafedrada müəllim kimi fəaliyyətə başlayıb. 1962-1966-cı illərdə Universitetin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədr müavini olub.
1962-1964-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) "Sənaye malları əmtəəşünaslığı" kafedrasının assistenti olub.
1966-1988-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun "Sənaye malları əmtəəşünaslığı" kafedrasının dosenti; 1993-2000-ci illərdə Bakı Əmtəəşünaslıq-Kommersiya İnstitutunun rektoru; 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru; 2004-2011-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Əmtəəşünaslıq fakültəsinin dekanı vəzifələrində işləyib.
2011-ci ildən “Qeyri-ərzaq malları əmtəəşünaslığı” kafedrasının müdiri olub.
Hazırda UNEC-in “İstehlak mallarının ekspertizası” kafedrasının müdiridir.
150-dən çox elmi əsərin, o cümlədən 27 dərsliyin, dərs vəsaitinin və monoqrafiyanın müəllifidir.
Müxtəlif illərdə fəxri fərmanlar, mükafatlarla qiymətləndirilib. 2010-cu ildə AR Prezidentinin sərəncamına əsasən “Tərəqqi” medalı ilə də təltif olunub.
Ailəlidir, üç övladı var.