“Sədərək Yusif” həbs edilə bilər: Üç maddə ilə cinayət işi açıldı

ÖLKƏ
17:26 / 25.09.2020
1241

"Sədərək Yusif” kimi tanınan iş adamı Yusif Qədiməliyev həbs edilə bilər. 

HİT.Az YeniSabah-a istinadən xəbər verir ki, Yusif Qədiməliyevə məxsus olduğu bildirilən Altıağac Milli Parkında yerləşən "Cənnət Bağı” istirahət mərkəzinin ərazisində ağac və kolların məhv edilməsi ilə bağlı Baş Prokurorluq tərəfindən başlanan cinayət işi iş adamı üçün həbs təhlükəsi yaradıb. Məlumat üçün deyək ki, faktla bağlı Cinayət Məcəlləsinin 259.2.4 (qanunsuz ağac kəsmə, külli miqdarda ziyan vurmaqla törədildikdə), 314.1 (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. İstintaqının aparılması Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinə tapşırılıb.

Bu maddələrin hər üçündə cərimə və islah işləri ilə yanaşı azadlıqdan məhrumetmə cəzası da nəzərdə tutulur.

Yusif Qədiməliyev həm də "Sədərək” Ticarət Mərkəzinin sahibi kimi tanınır. Bəzi məlumatlara görə, artıq ticarət mərkəzi onun əlindən alınıb. İddia olunur ki, "Sədərək Yusif”in biznes sahəsindəki nailiyyətlərə görə hakimiyyətdəki himayədarlarına, xüsusilə də Prezident Admnistrasiyasının (PA) keçmiş rəhbəri, hazırda Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsini daşıyan Ramiz Mehdiyevə borcludur. Bildirilir ki, Yusif Qədiməliyev AMEA prezidentinə yaxın ətrafına daxil olan şəxslərdən olub. Hətta iddia olunur ki, Ramiz Mehdiyevin də "Sədərək” Ticarət Mərkəzində payı var.

Bir müddət əvvəl isə xəbər yayılmışdı ki, AMEA rəhbəri "Cənnət Bağı” istirahət mərkəzində maral buynuzu növü ilə müalicə alır.

"Sədərək Yusif”in Ramiz Mehdiyev PA-dakı vəzifəsini itirdəndən və hakimiyyətə təsir imkanları zəiflədiləndən sonra hədəfə gəlməsi də təsadüfi hesab edilmir. Ehtimallara görə, bu Mehdiyev faktoru ilə bağlıdır.

1