Uşaq hansı yaşda xarici dil öyrənməlidir? – Ekspertlər

ÖLKƏ
19:33 / 26.09.2020
739

Son dövrlər bir çox valideyn övladlarının daha tez xarici dil mənimsəməsi üçün onları 4-5 yaşından xarici dil kurslarına cəlb edirlər. Bəzi mütəxəssislər isə bu halın uşaqların zehni cəhətdən yüklənməsinə və psixoloji olaraq yorulmalarına gətirib çıxardığını bildirir.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən psixoloq Narınc Rüstəmova bildirib ki, ikinci dil öyrənmək üçün uşaqlarda ən ideal yaş dövrü 3 yaşdan sonradır:

“Uşaq öz ana dilində rahat danışıb fikrini ifadə edə bilirsə, kifayət qədər söz bazasına malikdirsə, özbaxım bacarıqları, sosial münasibətləri normaldırsa, bu uşaq ikinci dil təliminə uyğun hesab olunur.

Yox əgər uşağın heç öz ana dilində belə yaşına uyğun normal nitqi yoxdursa, özünü fikirlərini sözlü nitq şəklində, səlis ifadə edə (işarə ilə deyil) bilmirsə, anadan ayrı qalmırsa, yaşıdları ilə ünsiyyət qurmaqda çətinlik çəkirsə, özbaxım bacarıqları tam formalaşmayıbsa, bu cür uşaqlarda ikinci dil təlimi əks təsir göstərəcək, psixi və nitq inkişafının geriləməsinə, kəkələmə və digər nitq qüsurlarının yaranmasına gətirib çıxaracaq. Nəticədə uşağın aqressivliyi daha da artacaq”.

Psixoloq xarici dil məşğələsinin uşağın yaşına uyğun formada olmasının da vacibliyini bildirib:

“3-5 yaşlı uşaqla 7-8 yaşlı uşağın təlim prosesi və yükü eyni olmamalıdır. Məktəb yaşına qədər uşaqlar daha çox əylənərək öyrənməyə meyilli olurlar, oyunlar şəklində informasiyanı daha gözəl mənimsəyirlər. Əgər üç yaşlı bir uşağa sırf akademik yönlu təlim keçsək, bu, bir müddət sonra uşağın psixikasında, sosial və emosional sferasında pozulmalara gətirib çıxaracaqdır.

Sadəcə kurslara qoymaqla ikinci dil təliminin aparılması kifayət etmir. Uşaq eyni zamanda həm cizgi filmlərinə, dinlədiyi mahnılara və s . də eyni dildə qulaq asmalıdır. Evdəkilərin də bu dildə danışa bilməsi və uşagı dəstəkləməsi vacib məqamdır. Çünki təlim xarici dildədirsə, evdə isə uşaqla yalnız Azərbaycan dilində ünsiyyət qurulursa, bu zaman uşaqlarda ikidillilik xüsusən kəkələmə və digər nitq probləmlərinə yol aça bilir. Çünki bu uşağın düşünmə dili ayrı, danışma dili ayrı olur. Bu da nitqda gecikmələrə, tutulmalara səbəb olur.

Odur ki, uşaqlarımızı öz istəklərimiz istiqamətində deyil, daha çox onun potensialını nəzərə alaraq movcüd şəraitə uyğun olaraq böyütməliyik”.

Məsələyə münasibət bildirən loqoped Aytən Aslanova isə hesab edir ki, əgər uşaqların psixoloji inkişafı yaş dönəmlərinə uyğun, psixi prosesləri normal inkişaf edirsə, bu zaman uşaqlar erkən yaşda inkişafetdirici kurslara və əlavə dil öyrənmələrinə cəlb oluna bilər:

“Əgər uşaqda hər hansı psixoloji problemdən - hiperaktivlik, diqqət dağınıqlığı, yaxud öz ana dilini mənimsəmə çətinlikləri varsa, bu zaman uşağı başqa bir dillə yükləmək doğru deyil. Yalnız o halda mümkün olar ki, uşaq öz ana dilini yaşına uyğun tam şəkildə mənimsəsin, sərbəst cümlələr qursun, ünsiyyətə rahat şəkildə girsin. Bu zaman uşağa əlavə dil öyrətmək olar. Valideynlər də çox gözəl bilir ki, uşaqların xarici dilləri mənimsəmə səviyyələri 6 yaşına qədər daha güclü olur. Elmdə belə bir faktor var ki, 6 yaşına qədər istənilən uşağa istənilən xarici dili mühit və şərait imkan verdiyi təqdirdə çox asan öyrətmək olar. Təbii ki, bu zaman uşaqların psixoloji inkişafına diqqət etmək önəmlidir. Uşaq ana dilini ilk növbədə gözəl şəkildə bilməlidir. Uşağın düşüncə dili inkişaf etdirilməlidir. Düşüncə dili dedikdə, uşaq ana dilindən savayı, xarici dildə ünvanlanan istənilən suala fikirləşmədən cavab vermək iqtidarındadırsa, bu zaman onlara xarici dili öyrətmək olar”.

Loqoped onu da bildirib ki, zehni cəhətdən həddindən artıq yüklənən uşaqlarda gələcəkdə psixi yorğunluq yaranır və yeni bilgilərə istəkləri get-gedə aşağı düşür:

“Səviyyəni elə qoruyub saxlamaq lazımdır ki, öyrənəcəyi dil uşağın maraq dairəsinə aid olsun. Yəni valideyn zorla uşağa nəsə öyrətməsin”.

0