Məktəblərdə COVİD -19 təhlükəsi - Xroniki xəstəliyi olan şagirdlərə həkim tövsiyələri

ÖLKƏ
19:47 / 26.09.2020
695

Məktəblərdə koronavirusa yoluxan şagirdlərin sayı artır. Təhsil Nazirliyindən bildirilir ki, bu günə kimi ölkə üzrə məktəblərdə işçi heyəti arasında 35, şagirdlər arasında 125 yoluxma faktı qeydə alınmaqla, ümumilikdə 156 nəfər COVID-19-a yoluxub.

Azyaşlılar üçün COVİD-19 infeksiyasının təhlükəli olmadığı bildirilsə də, xroniki xəstəlikləri olan uşaqlar istisna edilir. Virusun bu uşaqlar üçün hətta ölümlə nəticələnəcəyi deyilir. Bəs bu hansı xəstəliklərdir, məktəb mövsümünü də nəzərə alsaq, valideynlər nə kimi qabaqlayıcı tədbirlər görməlidirlər. Bütün şagirdlər üçün maska taxmaq vacibdirmi? Bu və digər suallarla bağlı pediatrlardan mövqe öyrəndik.

“Yeni Müsavat”a danışan tanınmış uşaq həkimi Əli Quliyev bildirdi ki, şəkər, ürək, ağciyər xəstəliyi olanlar və immun sistemində problemi olan uşaqlar COVİD -19-u bir az ağır keçirirlər: “Bu uşaqlar təkcə COVİD-19-u deyil, bütün tip xəstəlikləri bir az ağır keçirirlər. Yəni adi qripə və digər bütün xəstəliklərə qarşı həssasdırlar.

Bu xəstəlikləri olan uşaqların oxuduğu siniflərdə daha az uşaq olmasına diqqət etmək lazımdır. Əslində buna məktəb direktoru, valideyn, müəllimlər ortaq qərar verməlidirlər. Bu uşaqların olduğu siniflərin daha tez-tez havalandırılması, dezinfeksiyaedici işlərin daha tez-tez aparılması tövsiyə olunur. Belə uşaqlqarı kollektivə, insanların çox olduğu yerlərə mümkün qədər az aparmaq lazımdır. Getdikləri zaman mütləq şəkildə maska taxsınlar. Digər uşaqlara maska taxılması tövsiyə olunmur. Əgər uşaq maska ilə davrana bilirsə, taxa bilər. Taxılmasında fayda var. Ən azı dediyimiz xəstəliyi olan uşaqların maska taxması mütləq tövsiyə olunur. Eyni zamanda, əl təmizliyinə diqqət etməlidirlər. Başqa xüsusi bir tövsiyələr yoxdur".

Həkim xroniki xəstəliyi olan uşaqlara qrip peyvəndinin vurulmasını da vacib sayır: “Şəkər, ağciyər, ürək xəstəlikləri olan uşaqlara qrip peyvəndi vurula bilər. Əks göstəriş yoxdursa, mütləq şəkildə qrip peyvəndinin vurulmasını tövsiyə edirik. İmmun sistemini artıran elə bir dərmanlar da yoxdur. Bu səbəbdən də qidalanmaya xüsusi fikir vermək lazımdır”.

Tanınmış pediatr Aytən İsmayılzadə isə qeyd etdi ki, Azərbaycanda xroniki xəstəliyi olan uşaqlar çox azdır: “Belə xəstəliyi olanlar üçün adi qrip belə təhlükəlidir. Necə qripdən qoruyurlarsa, bu virusdan da uşaqları o qaydada qorumaq lazımdır. Ümumiyyətlə, Azərbaycanda nə qədər koronavirusa yoluxan uşaq olubsa, onların arasında bir nəfər belə vəfat etməyib. O demək deyil ki, yoluxanlar içərisində xroniki xəstəliyi olanlar yox idi. Var idi, heç nə də baş vermədi. Demək ki, onlara ağırlaşdırıcı təsiri olmayıb. Dünyada ümumiyyətlə, uşaqlar arasında koronavirusdan ölüm 0.2 faizdən aşağıdır”.

Pediatr uşaqların Covid-19-a yoluxması ilə bağlı dünya təcrübəsindən də danışdı: “Aprel ayında Fransada keçirilmiş bir təcrübədə Covid xəstəsi olan bir uşaq 172 nəfər insanla təmas etmiş, ancaq onların heç birində yoluxma qeydə alınmamışdı. İspaniyada yay düşərgəsində 1900 nəfər ( uşaqlar daxil) arasında virusun necə yayıldığı müşahidə edilib və uşaqların yoluxdurma əmsalının 0.2 olduğu, böyuklərdə isə bu rəqəmin 1.7-2 arasında olduğu təsbitlənib. Umumdunya Səhiyyə Təşkilatı (ÜST) yalnız 12 yaşdan yuxarı uşaqların maska taxmasını lazım bilib. Bu, o deməkdir ki, 12 yaşadək uşaqlar xəstəliyin yayılmasında ciddi rol oynamır. ÜST-ün rəhbəri Dr. Qebreyesus da bildirib ki, uşaqların, gənclərin üzərində ən pis nəticələr gözə alındığında məktəblərin bağlanması ən son çarə olmalıdır. ÜST-dən o da bildirilib ki, dünya üzrə Covid-19-a yoluxma hallarının 10 faizindən azı, ölüm hallarının isə yalnız 0.2 faizi 20 yaşdan aşağı insanların payına düşür. İngiltərədə aparılan uzunmüddətli araşdırmalara görə isə uşaqların evdə qalmaqdan Covid-19 virusundan daha çox zərər gördüyü təsdiqlənib”.

A.İsmayılzadə dedi ki, hazırda virus uşaqlar üçün təhlükəli deyil: “Məktəblərdə də xüsusi nə isə etməyə ehtiyac yoxdur. Uşaqlar məktəbdən deyil, evlərində böyüklərdən yoluxurlar. Bu da həmişə baş verəcək, buna adi yanaşmaq lazımdır, böyütmək də lazım deyil. Çünki virus artıq zəifləyib. Əvvəlki kimi pik həddə deyil”.

A.İsmayılzadə distant təhsilin uşaqların səhhətləri üçün təhlükəli olduğunu deyib: “Distant təhsili boykot etmək lazımdır. Heç kim onlayn dərsə girməsin. Repetitorluq böyük siniflərə lazımdır, hansı ki, 9-11 ci sinif şagirdləri ali məktəblərə hazırlaşırlar. İbtidai sinif şagirdlərinə, gələcəyə təsəvvürü olmayan uşaqlara kollektiv lazımdır. Onları kompüter, telefon qarşısında məcburi əyləşdirmək olmaz. Bu onların psixologoiyasına da mənfi təsir edir. Bu uşaqların gələcəyi sual altındadır. Uşaqlar daha sonra belə psixoloji gərginlikdən özlərini öldürə bilərlər”.

Qeyd edək ki, Təhsil nazirinin müşaviri Rüstəm Ağayev mediaya açıqlamasında bildirib ki, bu günə qədər heç bir şagirddə məktəbin içində yoluxma faktı qeydə alınmayıb. Onun sözlərinə görə, məktəblərin içində şagirdlər arasında yoluxma yoxdur: “İyun və ya avqust ayındakı respublika üzrə gündəlik statistikanı təhlil etsək, görərik ki, bu insan hansısa formada məktəbə və ya universitetə bağlıdır. Bu dəqiqə yoluxmaların sayı stabildir. Məktəblərin bağlanılması ilə bağlı narahatlığa heç bir əsas yoxdur. Bu, ümumi epidemioloji vəziyyətdən asılı olacaq. Əgər sərt karantin rejiminə keçilərsə, bu barədə qərarı Nazirlər Kabineti yanında Operativ Qərargah verəcək”.

0