Prezidentin köməkçisindən cəbhədəki düşmən təxribatıyla bağlı BƏYANAT

SİYASƏT
09:14 / 27.09.2020
1369

“Müdafiə Nazirliyi tərəfindən məlumat verildiyi kimi, 27 sentyabr 2020-ci ildə, saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq, Azərbaycan ordusunun cəbhə zonasında yerləşən mövqelərini, Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çiraqlı və Orta Qaravənd, Füzuli rayonunun Alxanlı, Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Ermənistan silahlı qüvvələrinin cəbhəyanı ərazilərdə sıx şəkildə yaşayan mülki insanları və obyektləri atəşə tutması qəsdən və hədəflənmiş şəkildə həyata keçirilib.

HİT.Az xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin bəyanatında deyilir:

“Mülki əhali və hərbi qulluqçular arasında həlak olan və yaralananlar barəsində məlumatlar vardır. Hazırda bu məlumatlar dəqiqləşdirilir. Çoxsaylı evlərə və mülki obyektlərə ciddi ziyan dəyib.

Ermənistan silahlı qüvvələri cəbhəboyu zonada yerləşən mövqelərimizi və yaşayış məntəqələrini intensiv surətdə atəşə tutmaqda davam edir.

Ermənistanın yaşayış məntəqələrini, mülki əhalini qəsdən hədəfə alması beynəlxalq humanitar hüququn, o cümlədən, 1949-cu il Cenevrə konvensiyalarının kobud surətdə pozulmasıdır. Mülki insanların hədəfə alınması Ermənistan silahlı qüvvələrinin döyüş hazırlığına daxil edilmiş taktikadır və onun ən bariz nümunəsi 1992-ci ilin fevral ayında törədilmiş Xocalı soyqırımıdır.

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinə zərbələrin endirilməsi, mülki insanların və obyektlərin iriçaplı silahlardan atəşə tutulması beynəlxalq hüquqa əsasən Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzü və güc tətbiq etmək aktıdır.

Azərbaycan Respublikası silahlı qüvvələri Ermənistanın növbəti hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri əks-həmlə tədbirlərini həyata keçirir.

Bu gün başlanmış təcavüz aktı son zamanlar Ermənistan rəhbərliyinin cəbhədə gərginliyin qəsdən artırılmasına hesablanmış çoxsaylı təxribatçı çıxış və addımlarının məntiqi nəticəsi kimi qiymətləndirilməlidir.

Məlum olduğu kimi, Ermənistanın baş naziri “Qarabağ Ermənistandır və nöqtə” kimi təxribatçı bəyanatla çıxış etmişdir. Ermənistan bu yaxınlarda irqçi, şovinist, azərbaycanofob milli təhlükəsizlik strategiyası və aqressiv hərbi doktrina qəbul edib. Ermənistanın müdafiə naziri Azərbaycanı “yeni ərazilər üçün yeni müharibə” ilə hədələyib.

İyul ayında Yerevan dövlət sərhədinin Tovuz rayonu istiqamətində hərbi təxribat törətmişdir. Daha sonra Ermənistan “könüllü xalq ordusu”nun yaradılmasına başlamışdır. Avqust ayında Ermənistan təmas xəttində diversiya törətməyə çalışmış, diversiya qrupunun rəhbəri Azərbaycan ordusunun sayıqlığı nəticəsində əsir götürülüb.

Son günlər Ermənistan təmas xətti və dövlət sərhədi boyunca qoşunların cəmləşməsini həyata keçirməkdədir. Ermənistan tərəfindən terrorçu və muzdlu döyüşçülərin Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilməsi davam etdirilir.

Bütün bunlara əsaslanaraq Azərbaycan beynəlxalq ictimaiyyəti Ermənistanın yeni təcavüz aktı həyata keçirməyə və müharibəyə hazırlaşdığı barədə dəfələrlə xəbərdarlıq etmişdi.

Ermənistan BMT nizamnaməsini, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycan Respublikasının Dağlıq Qarabağ və yeddi ətraf rayonunu işğal altında saxlamaqda davam edir. BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrində Ermənistanın Azərbaycana qarşı güc tətbiq etməsi pislənilmiş, Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, qeyd-şərtsiz və tam şəkildə çıxarılması tələb edilib. Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini hələ də yerinə yetirməyib.

Ermənistanın məqsədi işğala əsaslanan cari status-kvonu möhkəmləndirmək və Azərbaycan ərazilərini ilhaq etməkdir.

Azərbaycan dəfələrlə bəyan etmişdi ki, Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzü, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu regional sülh və sabitlik üçün əsas təhlükədir.

BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarının keçirildiyi, dünyanın COVİD-19 pandemiyasına qarşı mübarizə apardığı şəraitdə Ermənistanın siyasi-hərbi rəhbərliyi növbəti hərbi avantüra və təxribata əl atıb. Ermənistan rəhbərliyi bu əməlləri ilə beynəlxalq hüquqa, BMT Nizamnaməsinə və beynəlxalq ictimaiyyətə hörmətsizliyini bir daha nümayiş etdirir. Bütün bunlar həm də onu sübut edir ki, Ermənistan rəhbərliyinin münaqişənin sülh yolu ilə həll edilməsi barədə açıqlamarı riyakarlıqdan başqa bir şey deyildir.

Yaranmış vəziyyətə və hadisələrin gələcək inkişafına görə bütün məsuliyyət tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür.

Azərbaycan Ermənistanın təcavüzünün qarşısını almaq, öz ərazi bütövlüyünü və əhalisinin təhlükəsizliyini təmin etmək uçun BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə etməklə qətiyyətli tədbirlər görmək məcburiyyətindədir”.

0