Səfərbərlik Xidməti məlumat yaydı

ÖLKƏ
13:34 / 27.09.2020
1845

"Bu gün belə bir zərurət üçün heç bir əsas yoxdur"

“Sentyabrın 27-də səhər saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub”.

Bu barədə Hit.Az-a Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bildirilib.

Qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatla əlaqədar Xidmətin aparatına, yerli idarə, şöbə və bölmələrinə könüllü olaraq cəbhə bölgəsinə gedərək döyüşmək və lazımi köməklik göstərmək istəyən böyük sayda vətəndaşlarımız tərəfindən müraciətlər daxil olmaqdadır.

“Xatırladaq ki, vətəndaşların hərbi xidmətə çağırılması müvafiq normativ hüquqi aktlara əsasən həyata keçirilir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Vətənin müdafiəsini qanunla müəyyən edilmiş vəzifədən əlavə, özünə mənəvi borc bilən vətəndaşlarımıza göstərdikləri yüksək vətənpərvərliyə görə təşəkkürünü bildirir.

Hal-hazırda Azərbaycan Silahlı Qüvvələri qanunvericiliyin tələblərinə uyğun olaraq komplektləşdirilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi Azərbaycan Ordusu tərəfindən təmin edilir.

Bu səbəbdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bildirir ki, zərurət yarandığı halda ehtiyatda olan hərbi vəzifəlilər mövcud qanunvericiliyin tələblərinə əsasən Xidmətin yerli struktur bölmələrinə çağırılaraq ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlərə cəlb edilə bilərlər. Lakin bu gün belə bir zərurət üçün heç bir əsas yoxdur”.

0