Sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələri genişmiqyaslı təxribat törədərək Azərbaycan Ordusunun cəbhəboyu zonada yerləşən mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutub.
HİT.Az xəbər verir ki, düşmənin ərazilərimizi intensiv atəşə tutması nəticəsində hərbçilərimiz və mülki əhali arasında həlak olan və yaralananlar var.
Mülki əhalinin təhlükəsizliyini qorumaq üçün qoşunlarımızın əks-hücum əməliyyatına başlaması barədə qərar verilib.
Hazırda cəbhə xəttində gərginlik davam edir.
Azərbaycan Yüksəliş Partiyası (AYP) bəyan edir ki, haqlı mübarizəsində Azərbaycan Ordusunun və dövlətimizin yanındadır:
"İnanırıq ki, düşmənə layiqli cavab verilir və verilməkdə davam edəcək.
Hesab edirik ki, bu günlərdə bütün diqqət cəbhə xəttinə yönəlməlidir.
Allah şəhidlərimizə rəhmət eləsin, yaralılarımıza şəfa versin!
QƏLƏBƏ BİZİMLƏDİR!"