Baş Prokurorluq: "Dağlıq Qarabağa 20 minədək erməninin göndəriləcəyi barədə bəyanat yayılıb"

ÖLKƏ
21:28 / 29.09.2020
882

Bir sıra Rusiya kütləvi informasiya vasitələrində və sosial media səhifələrində Rusiya erməniləri İttifaqının rəhbəri Ara Abramyanın Rusiyada yaşayan 20 minə yaxın erməni soydaşlarını könüllü qismində Dağlıq Qarabağ ərazisinə Rusiyadakı erməni diasporasının koməkliyi ilə göndəriləcəyinə dair bəyanatı yayılıb.

HİT.Az xəbər verir ki, bu barədə Baş Prokurorluğun açıqlamasında qeyd olunub.

Bildirilir ki, bundan başqa, Yaxın Şərq və Mərkəzi Asiya ölkələrinin öyrənilməsi üzrə Mərkəzin sədri Semyen Baqdasarovun “Vzqlyad” qazetində Azərbaycanın mülki dinc əhalisinin yaşadığı Gəncə şəhəri və Daşkəsən rayonu ərazilərinin, o cümlədən beynəlxalq strateji əhəmiyyət kəsb edən Bakı-Ceyhan qaz kəmərinin atəşə tutulması barədə çıxışı da yer alıb.

Qeyd edilənlərlə bağlı, Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev Rusiya Federasiyasının Baş Prokuroru İqor Krasnova və İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinə rəsmi müraciət edərək bildirib ki, sentyabrın 27-dən başlayaraq təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi öz təxribatçı əməllərini davam etdirərək, beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərini kobud şəkildə pozmaqla, o cümlədən Cenevrə Konvensiyası və BMT-nin Təhlükəsizlik Şurasının qərarları ilə üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri ağır artilleriyadan atəşə tutmuş, nəticədə mülki əhali arasında ölən və yaralananlar var.

Müraciətdə, həmçinin göstərilib ki, hədəf kimi əhalinin kompakt olduğu məntəqələr - rayon və kənd mərkəzləri, mülki infrastruktur obyektlər - xəstəxanalar, tibb məntəqələri, məktəb binaları, uşaq bağçaları seçilir.

Hazırki vəziyyəti və yuxarıda qeyd edilənləri nəzərə alaraq, Baş Prokuror Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı yönəlmiş təcavüzkar siyasəti yürüdən, o cümlədən bəyanatlarında Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 208.1 (federal qanunla nəzərdə tutulmayan silahlı birləşmənin yaradılması, habelə belə bir qurumun rəhbərliyi və ya onun maliyyələşdirilməsi), 205.2.2 (KİV istifadə edilməklə terror fəaliyyətlərinə, terrorizmin ictimai əsaslandırılmasına və ya terrorizmin təbliğinə açıq çağırışlar), 280.2 (KİV istifadə edilməklə ekstremist fəaliyyətə açıq çağırışlar), 282.2 “b” bəndi (nifrət və ya düşmənçiliyin qızışdırılması, habelə insan ləyaqətinin alçaldılması), 359.3 (muzdluluq) və digər maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsinə açıq çağırışlara yol verən şəxslər və təşkilatlar barəsində qanuni tədbirlərin görülməsini xahiş etməklə, məsələni şəxsi nəzarətlərinə götürülməsinə ümudvar olduğunu bildirib.

0