Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarına cavab olaraq cəbhənin bütün istiqamətlərində uğurlu əks-hücum əməliyyatı həyata keçirərək düşmənə sarsıdıcı zərbələr vuran rəşadətli Azərbaycan Ordusu ilə bağlı maraqlı paylaşım edib.
HİT.Az xəbər verir ki, nazirliyin sosial media hesablarında yerləşdirilən infoqrafikada “İrəli, irəli, yalnız irəli! Geriyə haqqımız yoxdur, Azərbaycan əsgəri” ifadələri yer alıb. Paylaşımda Azərbaycan Ordusunun hərbi qüdrəti və torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda döyüşlərə yüksək hazırlığı əksini tapıb.
Bu günlərdə kiçikdən böyüyədək hər bir azərbaycanlının qəlbi Azərbaycan Ordusunun əsgər və zabitləri ilə bir döyünür. Düşmənin təxribatlarına cavab olaraq cəbhənin bütün istiqamətlərində sürətli əks-hücum əməliyyatı keçirən və Ermənistan ordusuna ağır zərbələr vuran Azərbaycan Ordusunun uğurları otuz ilə yaxındır doğma torpaqlarımızın həsrəti ilə yaşayan xalqımızda əzəli torpaqlarımızın işğaldan azad ediləcəyi günün uzaqda olmadığını göstərir. Ali Baş Komandanımızın müdrik və qətiyyətli rəhbərliyi ilə düşmənə sarsıdıcı zərbələr vuran Azərbaycan Ordusuna güvənən xalqımız həmişə olduğu kimi, bu günlərdə də sarsılmaz xalq-ordu birliyi, həmrəyliyi nümayiş etdirir.
Müdafiə Nazirliyinin bu paylaşımında da məhz Azərbaycan Ordusunun xalqımızın bəslədiyi ümidləri layiqincə doğrultmağa hər an hazır olduğu ifadə edilib.