Azərbaycanda koronavirusdan vəfat edənlər necə dəfn olunur?Azərbaycanda koronavirusdan vəfat edənlər necə dəfn olunur?
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı koronavirusdan vəfat edən şəxslərin dəfn edilməsi ilə bağlı qaydalara aydınlıq gətirib.
O bildirib ki, koronavirusla bağlı vətəndaşların dəfn edilməsində dini baxımdan heç bir dəyişiklik yoxdur:
“Burada müəyyən tibbi qaydalar var. Dəfn mərasimləri islami qaydalara uyğun həyata keçirilir. Sadəcə orada tibblə bağlı qoruyucu qaydalar var ki, bunlara əməl olunur”.
Xatırladaq ki, ötən ay “COVID-19” infeksiyasının yayılmasının qarşısını almaq məqsədi ilə meyitin yuyulması zamanı təhlükəsizlik qaydaları müəyyənləşib.
Qaydalara əsasən, morq işçilərinə və cənazədən məsul şəxslərə ölünün şübhəli/təsdiqlənmiş COVID-19 diaqnozu ilə öldüyü barədə məlumat verilməlidir.
Ölünü yuyan işçilər fərdi qoruyucu vasitələrdən (uzunboğaz əlcək, N95 maska, eynək və uzun önlük) istifadə etməlidirlər. İstifadə olunan fərdi qoruyucu vasitələr tibbi tullantı qabına atılmalıdır.
Yuyulma sahəsi qatı sekretlərlə (ifrazat) çirkləndiyi üçün 1/10 xlor məhlulu və ya xlor tableti ilə (məhsulun tövsiyəsi ilə) dezinfeksiya olunmalıdır.
Morq işçiləri və ölüyuyan işçilərə standart infeksiyadan qorunma və nəzarət tədbirləri vasitəsilə tənəffüs yolu ifrazatları və təmas tədbirləri barədə təlim verilməlidir.
Morq işçiləri və ölüyuyanlara əl gigiyenası kimi şəxsi gigiyena qaydalarına riayət edilməsinin əhəmiyyəti vurğulanmalıdır. Bölmədə istifadə ediləcək maskalar, əlcəklər, qoruyucu geyimlər, eynəklər, alkoqol əsaslı əl üçün antiseptiklər müvafiq qurumlar tərəfindən fasiləsiz təmin olunmalıdır. Şübhəli/təsdiqlənmiş COVID-19 diaqnozu qoyulan şəxsin evdə ölməsi halında dəfn proseduru yuxarıda göstərilən qaydalar çərçivəsində aparılmalıdır. Cənazənin qəbrə yerləşdirilməsi əsnasında əlcək istifadə olunmalıdır.
Şübhəli/təsdiqlənmiş COVID-19 diaqnozlu xəstələrin öldüyü təqdirdə cənazə qəbrə qoyulduqdan sonra normal dəfn prosedurları tətbiq olunur.
Ölən insanların şəxsi əşyaları ikiqat neylon torbaya qoyularaq verilir. Həmin əşyanın təkrar istifadəsi nəzərdə tutulursa, 60-90 dərəcədə yuyulmaqla istifadə edilə biləcəyi yaxınlarına bildirilir. Bu əşyaların atılması halında isə onlar tibbi tullantı hesab olunur.