... və nəhayət “Atəş!” komandası - Gəncə üsyanından tarixi faktlar

ÖLKƏ
14:54 / 21.05.2020
2470

Azərbaycanın Macarıstandakı səfiri, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi Vilayət Quliyev Cümhuriyyət tarixinin şərəfli səhifəsi - Gəncə üsyanı ilə bağlı üsyan rəhbərlərindən birinin - polkovnik Cahangir bəy Kazımbəyin 1935-ci ildə Varşavada çıxan "Şimali Kafkasya - Северный Кавказ" jurnalında çap olunmuş "Gəncədə üsyan" adlı xatirələrini rus dilindən azərbaycancaya tərcümə edib.

HİT.Az həmin tərcüməni təqdim edir:
 
GƏNCƏ ÜSYANI MÜHACİR MƏTBUATININ SƏHİFƏLƏRİNDƏ

Gəncə Cümhuriyyətinin tarixində müstəsna rol oynamışdı. Əslində hələ 1804-cü ildən – Cavad xanın şəhadəti zamanından bu qədim Azərbaycan şəhəri milli müstəqillik uğrunda mübarizənin tarixinə şanlı səhifələr yazıb. Və yəqin ki, milli ruhun daim ayaqda olmasının məntiqi nəticəsi kimi Cümhuriyyətin ən ağır, çətin dövrlərində vətənin və millətin istinadgahına çevrilmiş, müstəqil dövlətin ilk paytaxtı (müvəqqəti) olmuşdu. Cümhuriyyət elanından az sonra – 1918-ci ilin iyununda yeni dövləti beşiyində boğmaq istəyən daşnak-bolşeviklərin üstün qüvvələrlə hücumları zamanı Bakı və bütünlükdə Azərbaycan uğrunda mübarizə buradan başlanmışdı. Maraqlıdır ki, Gəncədən yola çıxan Cümhuriyyət son sözünü də Gəncədə demişdi.
Söhbət xalqımızın qırmızı işğala qarşı mübarizə tarixinin ən şərəfli səhifəsi kimi yaddaşlara hopmuş Gəncə üsyanından gedir.

Üsyanının rəhbərlik edənlərdən biri Azərbaycan milli ordusunun zabiti, polkovnik Cahangir bəy Kazımbəyov idi.

O, 1885-ci ildə Gəncədə doğulmuşdu. Hərbçi həmkarlarının çoxu kimi xidmətə çar ordusunda başlamışdı. Azərbaycan istiqlalına qovuşandan sonra isə əsla tərəddüd etmədən milli ordu sıralarında yer almışdı.
 
Cümhuriyyət süqut edəndə polkovnik rütbəsində 3-cü Gəncə alayının komandiri idi. Milli ordu quruculuğunda mühüm xidmətləri olmuşdu. Həqiqi Azərbaycan vətənpərvəri kimi tanınır və bundan qürur duyurdu.
 
Aprel çevrilişindən sonra bölgədə möhkəmlənmək üçün hərbi gücə ehtiyac duyan bolşevik hökuməti Cümhuriyyət ordusunu dərhal ləğv etməmişdi. Əksinə, onun imkanlarından öz məqsədi – yəni bütün Cənubi Qafqazda proletariat diktaturası qurmaq üçün faydalanmağa çalışmışdı. Təcrübəli zabit, polkovnik Kazımbəyov da diqqətdən yayınmamışdı. Bolşeviklərin hərbi-dəniz işləri komissarı Çingiz İldırım ona azərbaycanlı hərbçilərin komandiri kimi müstəqil Gürcüstan üzərinə hücuma hazırlaşan XI Qırmızı ordu sıralarına qoşulmaq üçün Qazağa yollanmağı əmr etmişdi.
 
Qırmızıların əlində alət olmaq istəməyən Cahangir bəy zabit şərəfini hər şeydən üstün tutaraq əmri yerinə yetirmək əvəzinə tamamilə əks yol seçdi – Gəncədə bolşeviklərə qarşı üsyan qaldıran milli hərbi qüvvələrin rəhbərləri sırasında yer aldı. Qırmızı ordunun həyata keçirdiyi amansız terror aktları, yerli əhaliyə düşmən münasibət Azərbaycan ordusunun əsgər və zabitləri qarşısında başqa çıxış yolu qoymamışdı.

Mayın 22-də başlanan və erməni sakinləri çıxmaq şərti ilə bütün şəhər əhalisinin iştirak etdiyi ümumxalq müqaviməti – silahlı üsyan gözləndiyi kimi məğlubiyyətlə baş çatdı. Bütün resursların yeni işğalçıların əlinə keçdiyi şəraitdə başqa nəticəyə güvənmək də mümkün deyildi. Amma Cümhuriyyətin ikinci ildönümünün tamam olduğu gün Gəncə müstəqilliyin sonucu qalası və milli-azadlıq ideallarının heç zaman ölməyəcək simvolu kimi düşmənin qarşısına əldə silah çıxdı. Məğlub olsalar da, mənəvi üstünlük, heç şübhəsiz, milli şərəf və ləyaqət uğrunda ölümə gedən üsyançıların tərəfində idi. Cahangir bəy özü və çağırışına qoşulan Azərbaycan hərbçiləri hansı addımı atdıqlarının fərqində idilər: “Yardımına daim yeni-yeni qüvvələrin qoşulduğu Qırmızı ordunu məğlub etmək xəyal ola bilərdi. Yeganə məqsəd son imkana qədər çarpışmaq idi” – polkovnik xatirələrində belə yazırdı.
 
İndiyə qədər mənbələrdə Cahangir bəyin Gəncə üsyanı ilə bağlı xatirələrinin əsas örnəyi kimi Türkiyədəki mühacir nəşrin - “Azərbaycan” dərgisinin səhifələrində dərc olunmuş “Gəncə üsyanı” adlı məqaləsinə istinad edilir. Bu yazı 1953-cü ilin dekabrında işıq üzü görmüşdü.
Amma vətəndaş və hərbçi həyatının ən şərəfli səhifəsi kimi daim qürur duyduğu Gəncə üsyanı haqda əvvəllər də yazmışdı.

Üsyanın məğlubiyyətindən sonra Cahangir bəy az saylı silah yoldaşları ilə hələ müstəqilliyini itirməyən Gürcüstana keçə bilmişdi. Bolşevik agentləri və erməni terrorçularının qaynaşdığı Tiflisdən isə tale onu Türkiyəyə aparıb çıxarmışdı. Lakin burada da çox qalmamışdı. Azərbaycan Milli Komitəsinin qərarı ilə Varşavaya yollanmışdı. İkinci Dünya müharibəsi başlanana qədər Polşa ordusunda xidmət etmişdi.

Gəncə üsyanı ilə bağlı xatirələrini də ilk dəfə rus dilində Varşavada yazıb Qafqaz Dağlıları Xalq Partiyasının orqanı “Şimali Kafkasya- Северный Кавказ” jurnalında (1935, № 18, s.15- 17) dərc etdirmişdi. Aşağıda Azərbaycan türkcəsinə tərcümədə verilən mətn həmin jurnaldan götürülüb. Təbii ki, təsvir olunan mənzərə üsyan başçılarından bir nəfərin – polkovnik Cahangir bəy Kazımbəyin (mühacirətdə bu soyadla tanınırdı) baxışıdır və çox güman ki, müəyyən subyektiv meyllərdən də xali deyil. Amma istənilən halda üsyanla bağlı şahid sözüdür.
Canahgir bəyin mühacir həyatı keşməkeşli olmuşdu. Müharibə illərində Almaniyada, savaş bitdikdən sonra isə İtaliya və Türkiyədə yaşamışdı. Bir müddət “Azadlıq” radiosunda çalışmışdı. Və 1955-ci ildə Almaniyada müəmmalı şəkildə (görünür, çoxillik antisovet fəaliyyətini ona bağışlamayan sovet xüsusi xidmət orqanlarının “yardımı” ilə) vəfat etmişdi... V.Q.
 
CAHANGİR KAZIM BƏY - GƏNCƏ ÜSYANI
 
- Gəncə üsyanı 1920-ci il aprel ayında Azərbaycanın yeni köləlik boyunduruğuna salınmasına qarşı xalq kütlələrinin ən yaddaqalan etirazlarından biridir. Xoşbəxtəm ki, taleyin hökmü ilə mən də bu üsyanda rəhbər və təşkilatçı kimi rol müəyyən oynamışam və onun mövcud şərtlər daxilində daha böyük fayda gətirməsinə yardım göstərmişəm.
 
Üsyan 1920-ci il mayın 22-də başlandı. əslində isə Qırmızı ordu hissələrinin Gəncəyə ayaq basdıqları ilk gündən mən üsyanın qaçılmaz olduğunu başa düşürdüm. Sadəcə zəruri tədbirlər görmək lazım idi ki, hərəkat vaxtında və mütəşəkkil formada baş tutsun. Ona görə də may ayının bütün birinci yarısı ərzində həm özüm, həm də komandiri olduğum 3-cü Gəncə piyada alayı hər vasitə ilə şəhər əhalisini və əsgərləri lüzumsuz hərəkətlərdən çəkindirməyə çalışır, onları səbir, dözüm nümayiş etdirməyə və əmin-amanlığı qorumağa çağırırdıq. Lakin Qırmızı ordu hissələrinin (şəhərdə bolşeviklərin piyada diviziyası, habelə Şəriət alayı adlanan və tərkibində çoxlu sayda rus əsgərləri də olmaqla keçmiş imperiyanın müsəlman əhalisinin tör-töküntülərindən formalaşdırılan hərbi hissə var idi) Gəncədə törətdikləri özbaşınalıqlar artıq bütün sərhədləri aşmış, xalqın səbir kasasını dolmuşdu. Odur ki, qəhrəman Cavad xanın kölgəsini həmişə öz üzərində hiss edən cəsur gəncəlilərin haqlı qəzəbinin qarşısını almaq getdikcə çətinləşirdi. Belə şəraitdə təşəbbüsü əldən vermək olmazdı. Bu məntiqə əsaslanaraq mən də xalq etirazlarının lazımi məcraya salınması işinə başlamağı qərara aldım.
 
Üsyan başlanması mayın 22-nə təyin olunmuşdu. Mayın 16-da gizli şəkildə Gəncədə yaşayan iki gürcü zabitini (polkovniklər A. və E.) Tiflisə göndərdim. Həmin zabitlərə üsyan planı ilə bağlı təfərrüatlı məlumat verilmiş və gürcü ordusu ilə əlaqə qurmaq vəzifəsi həvalə edilmişdi ( həmin ərəfədə Poylu körpüsü yanında gürcü hərbi gücləri ilə qırmızılar arasında döyüşü gedirdi). Azərbaycan ordusunun Qarabağda mövqe tutan əsas hissələri ilə əlaqə yaratmaq isə iki başqa zabitə tapşırılmışdı. Təbii ki, onlar da üsyan planı ilə tam şəkildə tanış edilmiş və müvafiq təlimat almışdılar. Bu zabitlər Qarabağdakı hərbi hissələrin öncül mövqeyi sayılan Ağdam və Tərtər rayonlarında 3-cü Şəki süvari alayı komandirinin yanına getməli idilər. Sadalanan işləri gördüyüm müddət ərzində Qırmızı ordu komandanlığının diqqətini yayındırmaq üçün alayda hərbi hazırlıq məşğələlərini gücləndirmək və hər gün döyüş atışları keçirmək barəsində əmr vermişdim.

Beləliklə, gərgin gözləntilər içərisində mayın 22-si gəlib çatır. Gündüz saat 4-də şəhərin nüfuzlu ictimai və siyasi xadimlərini yanıma çağırıram. Onlar üsyana qoşulmaqla bağlı təklifə həvəslə razılıq verirlər və şəhərin azərbaycanlı əhalisinin alayın mübarizəsini tam şəkildə dəstəkləməsi üçün əllərindən gələni edəcəklərinə boyun olurlar. Toplantıda ilk atəş səsləri eşidilən kimi hər məhəllə öz könüllülər dəstəsini təşkil etməsi və ordunun köməyinə tələsməsi qərara alınır.
Təxminən saat 6-da batalyon komandirləri ilə başqa bir iclas keçirilir. Burada artıq birbaşa hərəkət planımız müəyyənləşdirilir:

1.Alayın bir batalyonu könüllü qüvvələrin köməyi ilə qırmızı diviziyanın dislokasiya olunduğu ərazini mühasirəyə alır, qəfil və qətiyyətli zərbə ilə onu silahı yerə qoymağa məcbur edir.
2. İkinci batalyon Şəriət alayını tərksilah edir, şəhərin erməni hissəsindəki ən mühüm mövqeləri, habelə poçt, teleqraf, hərbi anbar və s. binalarını ələ keçirir.
 
Həmin gün düz axşam saat 8-də alaylar Qırmızı ordu komandanlığının göndərdiyi siyasi komissarları həbs edərək tapşırılan vəzifənin icrasına başlayırlar. İlk atəş səsləri eşidilən kimi əllərinə gələn hər şeylə silahlanmış şəhər əhalisi bir nəfər kimi küçələrə axışır. Onların bir hissəsi artıq qırmızı diviziya hissələri ilə döyüşə girən alayın köməyinə tələsir, digərləri isə əlahiddə hərbi dəstələri, şəhərdə təsadüfən qarşılarına çıxan kommunistləri və Qırmızı ordu nəfərlərini tərksilah etməyə başlayırlar.
Gecə saat 11-də iş artıq başa çatdırılmışdı: rus diviziyası və Şəriət alayı tərksilah edilib şəhər həbsxanasına salınmışdı. Mayın 22-dən 23-nə keçən gecə Azərbaycan milli ruhunun sarsılmaz qalası olan Gəncə yadelli işğala qarşı üsyan bayrağı qaldırmış vətənpərvərlərin əlində idi. Müəyyən etdiyimiz planın birinci hissəsi parlaq şəkildə yerinə yetirilmişdi.
 
Bunun ardınca planın ikinci hissəsinin həyata keçirilməsinə başlamaq zəruri idi – yəni Gəncədə yerli milli hakimiyyəti bərpa etmək, gürcü ordusu və Qarabağdakı hərbi birləşmələrlə əlaqə yaratmaq, 11-ci sovet ordusunun gözlənilən hücumu qarşısında şəhərin müdafiə mexanizmini qurmaq kimi vəzifələrin icrası tələb olunurdu.
 
Səhər saat 6-da toplantı keçirməyi qərara aldım. Həmin vaxt Gəncədə olan general Ş-nı və general M.M.-nı da iclasa dəvət etdim. Bu toplantıda general M.M. üsyanın ümumi rəhbəri seçildi. General Ş.-yə bolşeviklərdən qənimət kimi alınmış toplardan istifadə yolu ilə şəhərin artilleriya müdafiəsini təşkil etmək, mənə isə Gəncə alayına və könüllü dəstələrə rəhbərlik tapşırıldı. Mayın 23-ü və 24-ü fasiləsiz təşkilati işlərdə keçdi.

Mayın 25-də, təxminən səhər saat 10-da erməni-rus hərbi hissələrinin şəhərin cənub-qərb tərəfindən, Yelenendorfdakı alman koloniyası səmtindən hücuma keçdikləri məlum oldu. Bu istiqamətdə yerləşdirdiyimiz və artilleriya qüvvələri ilə möhkəmləndirdiyimiz Gəncə alayının 1-ci batalyonu düşmənin hücumunu dayandırır, sonra isə özü əks-hücuma atılaraq qırmızıları pərən-pərən salır və onları başıpozuq şəkildə qaçmağa vadar edir.
 
Bu arada qırmızıların şimal-qərb səmtindən, Şamxor istiqamətindən də hücuma keçdiyi məlum olur. Gəncənin təxminən 10 kilometrliyində tam döyüş qaydası ilə şəhərə doğru irəliləyən xeyli sayda düşmən piyadası aşkara çıxarılır. Mövcud vəziyyət məni artıq Yelenendorf koloniyası istiqamətində məğlubiyyətə uğradılmış düşməni təqib etmək fikrindən daşındırır. Həmin ərazidə vuruşan batalyonun bir rotasını və 4 pulemyotu möhkəmləndirilmiş mövqelərdə qoyub digər rotaları 2-ci batalyonun köməyinə göndərməyi qərara alıram. Artilleriya divizionu və 2 pulemyot rotasının da əlavə olunması ilə yenidən qurulmuş bu batalyon şəhərdən təxminən 0,5 - 1 kilometrlik məsafədə yerləşən istehkamlarda mövqe tutmuşdu.
 
Təxminən saat 4-də düşmən əsgərlərinin ilk sıraları görünür. Amma bizim tərəfdən açılan artilleriya və tüfəng atəşləri qarşısında duruş gətirə bilməyib ölü və yaralıları da döyüş meydanında buraxaraq dağınıq halda geri çəkilirlər. Axşama doğru, təxminən saat 7-də düşmən yenidən həm şəhəri, həm də mövqelərimizi güclü artilleriya atəşinə tutur. Bu atışma zamanı general Ş. kontuziya olur. Lakin az öncə təşkil edilən batareyamız polyak əsilli zabit, podpolkovnik Stankeviçin komandası altında rus artilleriyasının zəif yerini çox tezliklə aşkara çıxarır və dəqiq atəşlə onu susmağa məcbur edir. Təxminən axşam saat 9 radələrində atışma səsləri kəsilir. Mayın 25-i də belə başa çatır. Bu gün üstəlik general M.M. da xəstələnir.
Mayın 26-da sübh saatlarından etibarən qırmızıların hərbi hissələri yenidən hücuma başladılar. Onlar 7 dəfə həmləyə atıldılar. Amma həmlələrin hamısı şəhərin qəhrəman müdafiəçiləri tərəfindən uğurla dəf edildi.

Mayın 27-də düşmən bütün gün ərzində şəhəri güclü artilleriya atəşi altında saxladı. Yelendorf koloniyası səmtdən bizim mövqelərə bir neçə dəfə hücum keçməyə təşəbbüs göstərsə də müvəffəq ola bilmədi.

Mən heç yerdən kömək gəlmədiyini, vəziyyətin təbii olaraq yerli əhali və əsgərlər arasında ruh düşkünlüyü yaratdığını görüb onlara müraciət ünvanlamağı qərara aldım. Eyni zamanda Şeyxül-islam başda olmaqla şəhərin əksər nüfuzlu vətəndaşlarını dairə məhkəməsinin binasına topladım. Onlara ümumi vəziyyət barədə ətraflı məlumat verəndən sonra əsgərlər və yerli əhali arasında mübarizə əhval-ruhiyyəsini qoruyub saxlamaqda mənə yardımçı olmalarını xahiş etdim. Yadımda qaldığı qədər iştirakçılara sabah 28 may – Azərbaycanın milli müstəqillik gününün iki illiyinin tamam olduğunu xatırlatdım. Dedim ki, qoy sabahkı 28 may tariximizə yalnız sevinc və təntənə günü kimi deyil, həm də Vətən qibləgahına verəcəyimiz böyük qurbanların şəhidlik günü kimi daxil olsun. Qoy 28 may günü əbədi düşmənimizə göstərəcəyimiz sarsılmaz müqavimət bizim qətiyyən ruh düşkünlüyünə qapılmadığımızı sübut etsin, mənəvi qələbəmizin rəmzi olsun! Sözlərim böyük coşqunluqla qarşılandı və məndən sonra danışan natiqlərin çıxışlarında da dəyişik variantlarda təkrarlandı. Sonra Şeyxül-islamın təklifi ilə yığıncaq iştirakçıları Gəncənin bütün sakinləri adından mənə yekdilliklə təşəkkür bildirdi. Şəhərdəki mülki və hərbi hakimiyyət, habelə mübarizənin sonrakı gedişinə rəhbərlik mənə etibar edildi.
 
28 may günü gəlib çatdı. Hava son dərəcə gözəl idi. Sanki təbiət özü də belə bir günün mövcudluğuna sevinir və düşmənə qarşı qeyri-bərabər mübarizədə üsyan bayrağı qaldırmış xalqa məhəbbətini və rəğbətini izhar edirdi. Düşmən isə sübhün erkən saatlarından qızğın fəaliyyətə başlamışdı. Səhərin açılması ilə Gəncənin hər tərəfində top atəşlərinin gurultusu eşidilirdi. Qırmızılar fasiləsiz şəkildə bizim mövqelərimizə atəş açırdı. Yaşayış məhəllələrinə də çoxlu mərmi düşürdü.
 
Təxminən səhər saat 7 radələrində mənə 2-ci batalyon komandirinin məlumatını təqdim etdilər. Məlumatda çoxsaylı düşmən süvarilərinin dəstə halında şəhər üzərinə yürüşü barədə xəbər verilirdi. Mən dərhal 2-batalyonun mövqelərinə yollandım. Burada batalyon komandiri polkovnik Hauzenlə (alman) birlikdə kəşfiyyat məlumatlarını nəzərdən keçirib üzərimizə gələn süvarilərin yerini və vəziyyətini dəqiq müəyyənləşdirdik. Tezliklə onların hücuma keçmək məqsədi ilə yenidən düzüldükləri məlum oldu. Düşməni layiqli qarşılamaq üçün hazırlaşmaq lazım idi. Mən atəşi dayandırmağı və yaxın ərazidəki bütün pulemyotları qırmızıların bizi təhdid etdikləri nöqtəyə cəmləməyi əmr etdim. Əsgərlərə yalnız müvafiq komanda ilə atəş açmaq barədə qəti göstəriş verildi.
 
Artıq hücuma keçən süvarilər aydın görünürdülər. Onlar löhrəm yerişlə dörd eşalon halında üstümüzə gəlirdilər. Hər eşalonda təxminə iki eskadron olardı. Bizim mövqelərdə tam sakitlik hökm sürürdü. Düşmən süvariləri indi atlarını çapmağa başlamışdılar. Qılınclarını başlarının üzərinə qaldırıb mövqelərimizə doğru şığıyırdılar. Budur, daha da yaxınlaşırlar... 800 metr... 700 metr... 600 metr... və nəhayət “Atəş!” komandası...
 
Xırda qırmalarla doldurulmuş 5 topdan, 22 pulemyotdan, 2 piyada batalyonu əsgərləri və könüllülərin tüfənglərindən açılan yaylım atəşləri hücuma keçən düşmənin sıralarında böyük seyrəklik yaradır. Mövqelərimiz qarşısındakı bütün boş sahə atların, adamların cəsədləri və çoxlu sayda yaralılarla dolur. Yalnız tək-tük süvarilər öldürücü mərmi və güllə yağışı altından salamat çıxa bilirlər. Az keçməmiş düşmənin süvari diviziyasının hücumunun qarşısı qətiyyətlə alındığına əmin olduq. Qırmızıların verdikləri itkilərin sayına baxanda isə ümumiyyətlə diviziyanın tam tərkibdə məhv edildiyini söyləmək olardı.
 
Təxminən saat 12-də düşmənin bu dəfə Yelenendorf koloniyası səmtindən irəliləmək niyyəti barədə məlumat alırıq. Bu dəfə hücuma piyadalar göndərilir. 1-ci batalyonla 2-ci batalyonun iki rotası (bir piyada və bir pulemyot) təhlükə meydana çıxan istiqamətə çəkilir. Onların gəlişi ilə burada mövqe tutan 1-ci batalyon və könüllülər dəstəsi daha da möhkəmləndirilir. Düşmənə böyük tələfat verməklə bu hücumu da aradan qaldırmaq mümkün olur.
 
Gündüz saat 4-də bolşeviklər gücsüz bir qəzəb hissi ilə şəhərə yüngül və ağır artilleriyadan mərmilər yağdırmağa başlayırlar. Yalnız axşam saat 8-də ətrafa nisbi sakitlik çökür. Bu da tamam yorulub əldən düşmüş döyüşçülərimizin bir az dincəlib özlərinə gəlmələrinə imkan yaradır. Həmin gün telefon xətlərinin sıradan çıxardıqları, pozuculuq təbliğatı apardıqları və təxribat xarakterli vərəqələr yaydıqları yerdə əlbəəl yaxalanan 15 nəfəri güllələmək lazım gəlir.
1920-ci ilin qanlı 28 may günü – Azərbaycanın müstəqilliyinin ikinci ildönümü də belə başa çatır. Həmin günü üsyanın gedişində ən ağır və çətin məqamlardan biri saymaq olar. Torpağı şəhid övladlarının və düşmənin qanı ilə səxavətlə sulayan qədim Gəncə öz qəhrəman ruhunu bir daha təcəssüm etdirir.
 
Mayın 28-dən 29-na keçən gecə rus komandanlığı ilə Gürcüstan arasında barışıq əldə edilməsi barədə xəbər eşitdik. Bu da mühasirəyə düşmüş qarnizonun gürcü ordusundan kömək alacağı ilə bağlı sonuncu ümidi də öldürür. Vəziyyət çıxılmaz bir şəkil alır. Çünki Qarabağdakı hərbi birləşmələrimizdən də heç bir xəbər yoxdur. Gəncədə döyüş sursatlarının, xüsusən də top mərmilərinin çatışmazlığı getdikcə daha kəskin hiss olunur. Az qala hər patrona, hər mərmiyə qənaət etmək lazım gəlir. Güclü kömək alan düşmən isə artıq gecə hücumlarına ara vermir. Mayın 28-dən 29-na keçən gecə Yelenedorf istiqamətindəki mövqelərimiz davamlı olaraq atəş altında saxlanılır.

Mayın 29-da sübh saatlarından etibarən qırmızılar şəhərə qasırğa kimi atəş yağdırırlar. Təxminən səhər saat 8 radələrində isə sıx cərgələrlə Yelenendorf səmtindən 1-ci batalyonun mövqelərinə hücuma atılırlar. Həmin gün 2-ci artilleriya batareyasının və tərkibində könüllülərin də vuruşduğu iki pulemyotçular rotasının cəlb olunması ilə daha da möhkəmləndirilmiş 1-ci batalyon düşmənin bir sıra hücumlarını mətanətlə dəf edir. Belə həmlələrin birində batalyonun cəsur komandiri kapitan Mirizadə həlak olur. Gün ərzində davam edən döyüşlər zamanı podpolkovnik Stankeviç və polkovnik Hauzen də öldürülür.
 
Mayın 30-da düşmənin üstün qüvvələrinin təzyiqi altında 1-ci batalyon geri çəkilməyə məcbur olur. Nəticədə qırmızılar şəhərin erməni hissəsini ələ keçirirlər. Sovet qoşunları eyni vaxtda 2-ci batalyonun mövqelərinə də ardıcıl zərbələr endirirlər. Lakin burada düşmən hücumlarının qarşısını almaq mümkün olur. Oxşar vəziyyət mayın 31-də də davam edir. Həmin gün də Gəncənin müdafiəçiləri bir neçə düşmən hücumunun dəf edə bilirlər. Bütün bu müddət ərzində daim sərəncamımdakı azsaylı qüvvələrlə manevr etməli oluram – mütəmadi şəkildə onları təhlükənin ortaya çıxdığı bir mövqedən digərinə atıram.
 
Poylu körpüsü yaxınlığında döyüşlərin dayandırılması və gürcülərlə rus qoşunları arasında barışıq imzalanması xəbəri alınandan sonra mübarizəmizin ümidsizliyi mənə daha aydın şəkildə bəlli olmuşdu. Bir həftə davam edən fasiləsiz döyüşlər hamını üzüb əldən salmışdı. Döyüş sursatı demək olar ki, qurtarmışdı. Gəncənin müdafiəsində qadınların, hətta uşaqların da iştirak etməsinə baxmayaraq şəhəri bundan sonra əldə saxlaya bilməyəcəyimiz açıq-aşkar bəlli idi. 11-ci Qırmızı ordunun əsas qüvvələrinin Gəncə yaxınlığında mənzil salması da diqqətdən qaçırılmamalıdır. Artıq qələbə haqqında düşünmürdüm. İndi yalnız yaranmış vəziyyətdən şərəflə çıxmaq və düşmənin qələbəni mümkün qədər çox və ağır itki bahasına əldə etməsinə çalışmaq lazım idi.
 
İyunun 1-də cəbhədə nisbi sakitlik hökm sürürdü. Bundan yararlanıb şəhər məscidində bir neçə gün əvvəl üsyana rəhbərliyi mənə etibar etmiş ictimaiyyət nümayəndələrinin toplantısını keçirdim. Sonrakı mübarizənin qeyri-mümkün və ümidsiz olduğunu onlara başa saldım. Patron və mərmilərin demək olar ki, bitdiyini, cəmisi bir günlük hərbi sursat ehtiyatımızın qaldığını dedim. Təklifim üsyan iştirakçılarının mümkün qədər şəhərdən çıxarılması idi. Düşmənin qəddarlığına və amansızlığına yaxşı bələd olduğumdan bütün arzu edənlərin əsgərlərimizin himayəsi altında təxliyə olunması təklifini irəli sürdüm. Fikirlərim qəbul edildi və təxliyə iyunun 2-də, sübh saatlarına təyin olundu.
 
Köçürülmənin həyata keçirilməsi ilə aşağıdakı fəaliyyət planını işləyib hazırlamışdım: iki piyada və bir pulemyot rotası könüllülərin bir qrupu ilə əsas qüvvələri Gəncəçayın qarşı sahilində, şəhərin erməni məhəlləsində yerləşən düşmənin qarşısını alır. Mən isə digər qüvvələrlə şimal-qərb istiqamətində qırmızıların mühasirəsini yarmağa və şəhərin təxminən 3 kilometrliyindəki hündürlüyü ələ keçirməyə çalışıram. Eyni zamanda sağ və sol cinahlardan düşməni arasıkəsilməz atəş altında saxlayaraq dinc əhalinin dağlarda sığınacaq tapmalarına cəhd göstərirəm. Bu adamlar son nəfərinə qədər təhlükəsiz yerlərə çəkilənə qədər onları qoruyuram.
Hazırladığımız plan tam şəkildə həyata keçirildi. Şəxsi komandam altında hücuma keçən hissələrimiz qəflətən yaxalanmış düşmənin sıralarında çaşqınlıq yaradaraq onu tamam qovub dağıtdılar. Ələ keçirdiyimiz yüksəkliklərdən açılan şıdırğı atəş bolşeviklər arasında qorxu və xofu daha da artırdı. Şəhəri tərk edib dağ kəndlərinə yol alan əhali açdığımız koridordan keçib demək olar ki, kütləvi şəkildə təhlükədən uzaqlaşa bildi. Saat 5-də erməni məhəlləsi tərəfdən dinc əhalinin şəhərdən çıxmasını təmin edən rotalar da düşmən müdafiəsini yaran əsas qüvvələrə qoşula bildilər. Mülki əhalinin ardınca ordu da dağlara çəkildi.
 
İyunun 2-dən 3-nə keçən gecə, dağ zirvəsinə çatandan sonra könüllüləri və 3-cü Gəncə piyada alayından sağ qalan döyüşçüləri sərbəst buraxdım. Eyni zamanda onlara xəbərdarlıq etdim ki, mübarizəmizi davam etdirmək üçün istənilən anda yenidən geri çağırıla bilərlər və buna görə də həmişə hazır olmalıdırlar. Gəncə üsyanının 12 günlük epopeyası beləcə başa çatdı.
Haqqında söz açdığım hadisələrə son 15 ilin perspektivindən yanaşanda bu günlərdə imzalanmış ümumqafqaz paktının böyük əhəmiyyətini ayrıca qeyd etməmək mümkün deyildir. Əgər Qafqaz Konfederasiyası Paktı Gəncə üsyanı günlərində mövcud olsaydı və tərəflərin üzərinə müəyyən vəzifələr qoysaydı, bu, heç şübhəsiz, son nəticədə Qafqazın tam şəkildə xəyallarımızda yaşatdığımız azadlığa qovuşması prosesinə öz töhfəsini verə bilərdi.
0