Rüşvət üstündə tutulanlar niyə YAP-dan qovulmur?

SİYASƏT
10:18 / 22.05.2020
1982

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) rüşvət və korrupsiyaya bulaşan icra başçılarını, nazirlik işçilərini bir-birinin ardınca həbs edir.

Əvvəlcə Ağstafanın icra başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarov, sonra Yevlax Şəhər İcra Hakmiyyətinin keçmiş başçısı Qoca Səmədov, ardınca Neftçalanın icra başçı İsmayıl Vəliyev, sonra Biləsuvarın icra başçısı Mahir Quliyev, daha sonra isə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev həbsxanaya göndərildi...

İcra başçıları ilə bağlı diqqət çəkən məqamlardan biri də onların hakim Yeni Azərbaycan Partiyasının üzvləri olmasıdır. Onlar rüşvətxor və korrupsioner əməlləri ilə təkcə xalqa, dövlətə qarşı deyil, həm də sözdə ideyalarına sadiq olduqlarını dedikləri  Yeni Azərbaycan Partiyasına da dönük çıxıblar.

Onların bu cür əməllər törətməsi istənilən halda partiya adına xələl gətirir.

Belə olan halda, partiyaya dönük çıxanlar YAP-dan niyə qovulmurlar?

Hit.Az xəbər verir ki, hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, sabiq deputat, eks-icra başçısı Musa Musayev Modern.az-a bildirib ki, partiyaya xəyanət edənlərin YAP-dan xaric edilməsi mərhələli formada həyata keçirilir:

“Konkret olaraq Yeni Azərbaycan Partiyasının nizamnamə və əsasnaməsində qeyd olunub ki, hansısa xoşgəlməz və bağışlanmaz əməlinə görə, kimisə YAP-dan çıxarmaq lazımdırsa, əvvəlcə təşkilatda həmin şəxsin məsələsinə baxılır. Əgər Siyasi Şuranın və İdarə Heyətinin üzvüdürsə, qurultayda məsələni müzakirəyə çıxarmaq olar. YAP-ın adi üzvlərini partiyadan çıxartmaq üçün ilk təşkilatda məsələyə baxılır. Sonra protokol yazılır və rayon təşkilatına göndərilir. Rayon təşkilatı qərar qəbul edib həmin adamı YAP-dan çıxarır”.  

Musa Musayev könüllü çıxmaq istəyənlərin  rayon təşkilatına ərizə ilə müraciət etməli olduqlarını da vurğulayıb.

Eks-deputatın sözlərinə görə, həbs olunmuş sabiq icra başçılarının əməllərini sübuta yetirməyə ehtiyac yoxdur:

“Düşünürəm ki, məhkəmə qərar qəbul edəndən sonra bu icra başçılarının işinə baxmaq olar. Ümumiyyətlə, onların törətdiyi cinayətlər sübut olunub. Bunun yenidən sübuta ehtiyacı yoxdur. Bu aksiomadır. Həmin həbs olunmuş icra başçılarının məsələsinə rayon təşkilatlarında  baxılmalı və onlar Yeni Azərbaycan Partiyasından xaric edilməlidir”.

0