Rus qırıcıları Liviyada: Ərdoğan məxfi toplantı keçirdi

DÜNYA
14:51 / 23.05.2020
1285

Ruslar Suriyadakı Hmeymin hava bazası ilə Liviya arasında hava dəhlizi yaradıblar. Bunu mayın 19-da mənə verdiyi açıqlamada Ankaranın qərar qəbul etmə mexanizmlərində söz sahibi olan bir şəxs demişdi. Bu sözlərin nə demək olduğunu ertəsi gün Liviyadan gələn xəbərlərlə başa düşmüş olduq.

HİT.Az Teleqraf.com-a istinadla xəbər verir ki, bu fikirlər Türkiyəni “Yeni Şəfəq” qəzetinin yazarı, siyasi ekspert Mehmet Acetin yazısında öz əksini tapıb.

O bildirib ki, ruslar “Hmeymim”dən havaya qaldırdıqları 8 qırıcı təyyarəni Liviyada Haftar qüvvələrinin nəzarəti altında olan Tobruk və Əl-Cufrada yerləşən hava bazalarına endirmişdilər.

Qeyd olunur ki, Türkiyədə təhlükəsizlik məsələləri ilə bağlı iclaslar təqvimlə müəyyən edilmiş müddətlərdə keçirilmir.

Hər hansı bir əhəmiyyətli hadisə baş verdikdə və ya vacib bir qərar verilməli olsa belə bu görüşlər vaxtında baş tutmur:

 

“Prezident Tayyib Ərdoğanın başçılığı ilə çərşənbə günü (mayın 20-də) İstanbul Huber Köşkündə keçirilən Təhlükəsizlik Şurasının iclasının xarakteri də belə olmalı idi. Yaşadığımız koronaviruslu günlərdə video-konfrans vasitəsilə keçirilməli olan bu görüşün “məzmun təhlükəsizliyi” səbəbiylə üz-üzə formatda olması yenə də bu görüşün “hadisələrin mühüm inkişafı” səbəbiylə keçirildiyini göstərirdi. Görüşün keçirilməsini tələb edən “hadisələrin mühüm inkişafı” ehtimal ki, Liviyadan gələn xəbərlərlə əlaqəli idi. Masada Liviyadakı rus qırıcı təyyarələrinin Suriyadan Liviyaya doğru hərəkət etməsindən cəsarətlənən Haftar qoşunlarının son günlərdə böyük itkilər verməsindən qəzəblənərək, Türkiyəyə yönəlik yeni təhdid açıqlamaları verməsi də var idi.

“Qiyamçı Haftarın Hərbi Hava Qüvvələri komandanı Caruşi "yaxın saatlarda Liviya tarixinin ən geniş hava hücumlarını görəcəksiniz” demiş və Liviyadakı türk mövqelərinin və maraqlarının hədəfə alınacağını açıqlamışdı. Bununla bağlı olaraq Ankaranın cavabı “Belə bir şey olarsa Haftanin qərargahını da vuracağıq” şəklində olmuşdu”.

Yazıda bildirilir ki, “Bloomberg”ə danışan prezidentin sözçüsü İbrahim Kalın “Bizim təmsilçiliklərimiz və maraqlarımız hədəfə alınarsa, Haftar ünsürlərini qanuni hədəf hesab edəcəyimizi bildirir və hər cür hücuma ən sərt şəkildə cavab verəcəyimizi vurğulayırıq” deyib.

F-16-lar Haftarın qərargahını vurub geri qayıda bilər

Ekspert bildirib ki, belə bir vəziyyətdə Ankaranın Haftara necə cavab verəcəyini keçən ilin iyunun sonunda yenə belə bir təhlükə ilə qarşılaşdıqda eşitdiyimiz sözlərlə təxmin edə bilərik:

“Liviyadakı türk hərbçiləri hədəfə alınacağı təqdirdə Haftar qüvvələrinin “qanuni hədəf” olacağı o zaman da vurğulanmışdı. “Yaxşı, belə bir vəziyyətdə nə edilir” deyə soruşduqda türk qırıcı təyyarələrinin İzmir, ya da Antalyadan qalxdıqdan sonra Aralıq dənizindəki beynəlxalq hava sahəsini keçərək Liviyaya çatacağını və orada yerləşən hədəfləri vurub geri dönə biləcəyi söylənmişdi. Keçən il “qanuni hədəf halına gəlirsiniz” dedikdə Haftar həbs etdiyi Türkiyə vətəndaşlarını dərhal sərbəst buraxmışdı. Beləliklə, mesajı alması gərəkdiyi kimi almışdı. Bu mənada bu gün vəziyyət çox da fərqli deyil”.

Ancaq ekspert bildirib ki, hazırkı durumda Türkiyənin qarşılaşdığı problem Haftarın təhdidlərindən ziyadə rusların yeni bir meydan oxuma şəklində Liviyada boy göstərmələridir.

Rus qırıcıları dövrəyə girərsə, Liviya Suriyaya dönə bilər

Müəllif qeyd edib ki, Ankaranın yaddaşında rusların “Hmeymim” bazası ilə Liviya arasında hava dəhlizinin yaradılması və qırıcı təyyarələrin bu ölkəyə daşınması kimi xəbərlərin nə demək olduğuna işarə edən bir təcrübə var:

“Yəni, bir növ “Biz bu filmi görmüşdük” çağırışı edən “Deja vu” vəziyyəti. 2015-ci ilin sentyabr ayında da belə olmuşdu. Ruslar Suriya müharibəsinə Dəməşq rejimi tərəfindən daxil olmuş və müharibə qanunlarını da heçə sayan amansız bir müdaxilə ilə Suriya müharibəsinin gedişatını dəyişdirmişdilər”.

Ekspert “Liviyada da oxşar vəziyyətlə qarşılaşa bilərikmi” sualını qoyaraq buna cavab axtarır:

“Aldığım nəbz Ankarada bu mövzuda ciddi bir narahatlığın olduğunu göstərir. Əvvəlki məqalədə qeyd etdiyimiz kimi, həm son vaxtlara qədər Mərkəzi Kəşfiyyat İdarəsinin qucağında olan bir insanın ruslarla açıq-aşkar iş tutmasındakı qəribəliyə, həm də Moskvanın Liviyadan əlini çəkmək niyyətində olmadığına vurğu edilir.

Bəlkə də amerikalılar Rusiyanın 2015-ci ilin sentyabrında Rusiyanın Suriyaya daxil olmasını sonradan sonraya necə dəstəkləmişdilərsə, bu gün də öz yetirmələri olan Haftarın Putinlə iş tutmasına qəzəblənmirlər, hətta əl altından buna yol verirlər. Zatən, son illərdə dünya kimin əlinin kimin cibində olduğunun bilinmədiyi qəribə bir hal almadımı?”

Müəllif onu da qeyd edir ki, bu kritik və təhlükə ərz edən hadisələrin yaşandığı son bir neçə gün içərisində xarici işlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub. Bu telefon danışığı zamanı Liviyadakı son hadisələr müzakirə edilib:

“Danışıqdan sonra hər iki tərəfin Liviyada təcili atəşkəs elan edilməsinin vacibliyinə dair razılığa gəldikləri barədə məlumatlar yayıldı. Ancaq rusların həqiqətən də atəşkəs istədikləri, yoxsa başqa niyyətlərinin olması aydın deyil. Dəqiq olan Türkiyə və Rusiyanın Suriyada olduğu kimi Liviyada da ortaq zəmində anlaşa bilmədiyi və bu durumun özü ilə bərabər ciddi risklər gətirməsidir”.

0