84 yaşlı sabiq icra başçısı da döyüşmək istəyir - erməni dilini təmiz bilir...

ÖLKƏ
16:00 / 03.10.2020
1225

Adil Nağıyev: “Bu dünyadan şəhid kimi köçmək istəyirəm”

Sentyabrın 27-dən etibarən düşmənin təxribatından sonra başlayan Vətən Müharibəsində iştirak etmək istəyən könüllülərin sayı hər keçən gün artmaqdadır. Yaşından asılı olmayaraq, hər kəs ordumuzun yanında olmaq istəyir.

Abşeron Rayon İcra Hakimiyyətinin sabiq başçısı Adil Nağıyev də könüllü savaşmaq istəyənlərin sırasındadır.

Hit.Az xəbər verir ki, bu barədə musavat.com-a onun özü məlumat verib: 

“Uzun illər ən müxtəlif vəzifələrdə çalışmışam. 1997-2000-ci illər arası ulu öndərin sərəncamı ilə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı işləmişəm. Hazırda təqaütdəyəm. Prezident İlham Əliyevin müraciəti məni daha da ruhlandırdı. Bundan öncə Xural.TV-də çıxış etmişdim və demişdim ki, erməni dığalarının Şuşada nə işi var ki, yallı gedirlər. Bütün bunlar mənə çox ağır təsir edirdi. Hazırda ordumuz çox uğurlu əməliyyat keçirir, hamımızı ruhlandırır. 84 yaşım olsa da, mən də əsgərlərimizlə birlikdə olmaq istəyərəm. Oktyabrın 1-də Sabunçu Rayon Hərbi Komissarlığına getdim. Orada insanlar çox olduğu üçün məni komissarın yanında buraxmadılar. Könüllüləri qeydə alan leytenant var idi. İstəyimi deyəndə soruşdu ki, neçə yaşın var. 84 olduğunu dedim. Mənə dedi ki, qanun sizə icazə vermir. İrəvan Kənd Təsərrüfatı İnstitutunu erməni dilində bitirdiyimi, bu şərəfsizlərin dillərini təmiz bildiyimi söylədim. Ən azından gedib, əsir götürülən ermənilərin dediklərini tərcümə edə bilərəm”.

Keçmiş icra başçısının ən böyük arzusu şəhid olmaqdır: 

“Komissarlıqda çox israr etdim. Leytenant telefonumu, yaşadığım ünvanı götürdü. Ramana qəsəbəsində yaşayıram. Mən də istəyirəm ki, vətənimə xidmət edim. Şəhid kimi bu dünyadan köçmək istəyirəm. Qoy tarixdə adım qalsın. Erməniləri çox yaxşı tanıyıram. Qərbi Azərbaycanın Vedi rayonundanam. Onlar çox bic millətdirlər. Soyadlarını qəsdən türk soyadlarına yaxın yazdırırlar. Dilimizdəki sözlərdən də istifadə edirlər.

55 il öncə Bakıya gəlmişəm. İndi çox istəyirəm ki, mən də prezident İlham Əliyevin çağırışına qoşulum. Qaçıb gizlənənlər var ki, onlar qeyrətə gəlsinlər. Pul yığmaqla deyil ki? Neynirsiniz bu qədər var-dövləti? Bundan artıq dar günümüz olmaz. Hər kəs bilsin ki, Şuşa bizim baş tacımızdır".

0