Qubad İbadoğludan Suqovuşan zəfərinə reaksiya: "Kəlbəcərə maneə yoxdur"

ÖLKƏ
01:22 / 04.10.2020
2051

"Qarabağda şiddətli döyüşlər əsasən iki istiqamətdə gedir. Şimal-Qərb cəbhəsində Magadiz (tarixi adı Suqovuşan) yüksəkliyi və Talış kəndinin azad edilməsi o deməkdir ki, Azərbaycan ordusunun qarşısında Kəlbəcərə qədər maneə yoxdur".

Hit.Az xəbər verir ki, bu sözləri Azərbaycan Demokratiya və Rifah Hərəkatının rəhbəri Qubad İbadoğlu sosial media hesabında yazıb.

Onun sözlərinə görə, düşmənin müdafiə xətti Suqovuşan və Talış kəndində qurulmuşdu:

" Tezliklə Kəlbəcər də azad olunar. Cənub cəbhəsində Məngələnata və Məlikcan, Ərgünəş yüksəkliklərinin azad edilməsi çox vacibdir.

Məngələnata və Ərgünəş Füzuli və Məlikcan Hadrut rayon (Xocavənd inzibati ərazisi) mərkəzlərini nəzarətdə saxlamaq üçün çox mühüm yükəskliklərdir. Ermənilər Füzuli şəhərini elə ilk gündən tərk etsələr də, Azərbaycan şəhəri nəzarətə götürsə də, məhz Məngələnata yüksəkliyinə görə Füzuli şəhərində mövqelərini möhkəmlətmək istəmir.

Bu müharibədə sürətli irəliləmək çox itkiyə gətirə bilər. Odur ki, Azərbaycan ordusu yüksəklikləri azad etmək, düşmənin infrastrukturunu və texnikasını sıradan çıxarmaq, canlı qüvvəsini məhv etmək strategiyası ilə hərəkət edir ki, torpaqlar minimum itki ilə azad olunsun.

Yeri gəlmişkən, şimal-qərbdə general Hikmət Həsənov, cənubda general Mais Bərxudarov rəhbərlik edir. Hər iki cəsur və peşəkar generalımıza, tarix yazan sərkərdələrimizə eşq olsun, allahın mərhəməti onların və rəhbərlik etdikləri korpusun əsgər və zabitləri üzərində olsun.

Vur komandir, vur!"

0