“Nə olur olsun, biz koronavirusu unutmamalıyıq”.
Hit.Az xəbər verir ki, bunu “mediapost”a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı deyib.
O bildirib ki, ölkənin düşmənlə müharibə apardığı bir dövrdə insanlar özünü ikinci düşmən olan koronavirusdan qorumalıdır:
“İctimai nəqliyyatda, o cümlədən sıxlıq olan digər yerlərdə qaydaların gözlənilməsi vacibdir. Nə olur olsun, mütləq vətəndaşlarımız bunu nəzərə almalıdır. Aidiyyəti qurumlar da bu barədə çağırışlar edir. Marketlərdə, iri ticarət şəbəkələrində bu nəzarət mexanizmi gözlənilir.
Metroya daxil olanda da vətəndaşlara xəbərdarlıq olunur ki, maska taxın, qaydalara riayət edin və s. Amma bəzən görürük ki, qatarlara minəndən sonra insanlar maskanı çıxarır və ya düzgün taxmır. Bəzi hallarda metroda sıxlıq müşahidə edilməkdədir. Çünki artıq dərslər də başlayıb. Valideynlər uşaqları aparıb gətirmək üçün mütəmadi olaraq ictimai nəqliyyatdan istifadə edirlər. Nəzərə almaq lazımdır ki, bu gün məktəblərə, bağçalara gedən körpə balalarımız yoluxa bilərlər. Bu riski artırmamaq üçün maksimum diqqətli olmalıyıq. İstənilən halda bu məsələni unutmaq olmaz.
Düzdür, yaxşı xəbər odur ki, bu dövr ərzində hələ ki, yoluxmalarda kütləvi artım qeydə alınmayıb. Amma tədbirli olmaq çox vacibdir. Unutmaq lazım deyil ki, hələ pandemiya bitməyib. Metro qapalı məkan olduğundan burada virus riski daha yüksəkdir. Həm də metroda ventilyasiya sistemi normal işləmir. Ona görə də metroda gigiyena qaydalarına xüsusi diqqət yetirmək lazımdır”.
Ekspert həmçinin əlavə edib ki, havaların soyuq keçməsi digər virus infeksiyalarının da yayılmasına səbəb ola bilər:
“Nəzərə almaq lazımdır ki, payız fəslidir, havalar soyuyub. Koronavirusdan əlavə adi qrip də geniş yayılıb. Biz həm də qaydalara əməl etməklə, metroda və digər ictimai nəqliyyat növlərində özümüzü və ətrafımızı virusdan qorumuş olarıq”.