"Raket stansiyaya zərər vurmayıb" - İES-in direktoru

ÖLKƏ
14:13 / 05.10.2020
869

Bildiyiniz kimi, Azərbaycan Ordusunun sarsıdıcı zərbələri qarşısında duruş gətirə bilməyərək geri çəkilən düşmən mülki şəxsləri hədəfə alır və yaşayış məntəqələrimizi atəşə tutur. Ermənistan silahlı qüvvələri oktyabrın 4-də saat 21.30 radələrində “Azərbaycan” İstilik Elektrik Stansiyasına raket atıb. Bu, düşmənin beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, mülki əhalini hədəfə almasının növbəti bariz sübutudur.

Hit.Az xəbər verir ki, bu sözləri “Azərbaycan” İstilik Elektrik Stansiyasının direktoru Təhmasib Hüseynov AZƏRTAC-ın cəbhə bölgəsindəki müxbirinə müsahibəsində deyib.

Xoşbəxtlikdən raketin boş əraziyə düşdüyünü vurğulayan T.Hüseynov bildirib: “Raket atəşi nəticəsində stansiyamıza heç bir zərər dəyməyib. Düşmənin mülki əhalini xaincəsinə hədəfə alması sakinlərin, o cümlədən stansiyanın kollektivinin qələbə əzmini sarsıda bilməz. Xalqımız bir nəfər kimi, Ali Baş Komandanımızın ətrafında sıx birləşərək Ordumuzun əzəli torpaqlarımızı işğal tamamilə azad edəcəyi günü səbirsizliklə gözləyir”.

0