Qırğızıstanın Mərkəzi Seçki Komissiyası oktyabrın 4-də keçirilmiş parlament seçkilərinin nəticələrini ləğv edib.
HİT.Az xarici mətbuata istinadən xəbər verir ki, müxalifət isə Koordinasiya Şurası yaradıb. Sabiq baş nazirlərdən Ömürbek Babanov və Temir Sarıyevin də yer aldığı şuranın rəhbərliyinə Bütün Qırğızıstan Partiyasının lideri Adahan Madumarov gətirilib.
O, yerli mətbuata açıqlamasında şuranı yaratmaqda məqsədin ölkədəki vəziyyəti nəzarətdə saxlamaq və hüquqi zəmin formalaşdırmaq, eyni zamanda hazırkı prezident Sooronbay Ceenbekovun rəhbərlik etdiyi hökumətin istefasını tələb etmək olduğunu bildirib.
Qeyd edək ki, seçkilərdən sonra nəticələri tanımayan 12 siyasi partiyanın tərəfdarları Prezident Administrasiyası və Parlament binasına daxil olmuşdular. Polisin müdaxiləsi nəticəsində 1 nəfər ölmüş, 590 nəfər isə yaralanmışdı.